Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rus İqtisad Məktəbində (RİM) “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının təşkilatçılığı ilə içməli su ehtiyatlarına həsr olunmuş maarifləndirici seminar keçirilib.
Seminarda kafedranın dosenti Adik Məmmədov statistik göstəricilər və müqayisəli xəritələr əsasında su ehtiyatlarının bölgələr üzrə paylanmasını, onların istifadəsi və qorunması ilə bağlı problemləri tələbələrin diqqətinə çatdırıb. Qeyd edib ki, Azərbaycanın içməli su ehtiyatlarının böyük hissəsi xarici mənbələrdən asılıdır ki, bu da ölkənin su təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlərin görülməsini zəruri edir.
O, Qarabağın azad olunması ilə uzun müddət ərzində istismar olunan su resurslarımızın yenidən ölkəmizin ixtiyarına keçdiyini qeyd edib. Bu vəziyyət su potensialımızın artmasına töhfə versə də, mövcud ehtiyatlardan düzgün, qənaətli və məqsədyönlü istifadə olunmasının önəmini xüsusi vurğulayıb.
Sonda seminar iştirakçılarının sualları cavablandırılıb, mövzu ətrafında interaktiv müzakirələr aparılıb.