Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rəqəmsal İqtisadiyyat fakültəsi və Holberton School-un birgə təşkilatçılığı ilə “Süni intellekt dövründə proqramlaşdırma” mövzusunda seminar keçirilib.
Tədbirin əsas məqsədi süni intellekt (AI) texnologiyalarının sürətlə inkişaf etdiyi dövrdə proqramlaşdırma bacarıqlarının önəmini vurğulamaq və tələbələrə bu istiqamətdə yeni biliklər qazandırmaq olub.
Seminarı giriş sözü ilə açan fakültənin dekanı, dosent Elman Cəfərov süni intellekt və proqramlaşdırma biliklərinin rəqəmsal iqtisadiyyatın əsas istiqamətlərindən biri olduğunu qeyd edib. O, dünyada gedən rəqəmsal transformasiyanın təkcə texnologiya mütəxəssisləri üçün deyil, bütün sahələr üçün prioritet olduğunu vurğulayıb.
Sonra Holberton School-un nümayəndələri süni intellekt dövründə proqramlaşdırma dillərinin rolu, beynəlxalq təcrübələr və əmək bazarının tələbləri barədə geniş təqdimatla çıxış ediblər.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.