Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Psixoloji Xidmət Mərkəzinin dəstəyi ilə Maliyyə və mühasibat fakültəsinin tələbələri üçün “Sağlam həyat tərzi və zərərli vərdişlərdən uzaq durmağın yolları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Maliyyə və mühasibat fakültəsinin dekanı, dosent Hafis Hacıyev gənclər arasında sağlam həyat tərzinin təbliğinin və düzgün həyat vərdişlərinin formalaşdırılmasının cəmiyyətin sağlam gələcəyi üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, bu cür tədbirlərin tələbələrin fiziki və mənəvi inkişafına mühüm töhfə verdiyini, onların həyat keyfiyyətini yüksəltdiyini və gələcəkdə daha məsuliyyətli, sağlam düşüncəli fərdlər kimi yetişmələrinə zəmin yaratdığını qeyd edib.
Psixoloji Xidmət Mərkəzinin psixoloqu Küşvər Abdullayeva sağlam həyat tərzinin yalnız fiziki sağlamlıqla məhdudlaşmadığını, emosional sabitlik, stressin idarə olunması və mənəvi rahatlığın da bu anlayışın vacib tərkib hissələri olduğunu qeyd edib. Küşvər Abdullayeva tələbələrin psixoloji rifahının onların təhsil uğurlarına, ictimai fəallığına və şəxsi inkişafına birbaşa təsir etdiyini vurğulayıb, zərərli vərdişlərdən uzaq qalmağın həm bədən, həm də psixoloji sağlamlığın qorunmasında əsas rol oynadığını diqqətə çatdırıb.
Sonda tələbələrin sualları cavablandırılıb.