UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsinin və İnklüziv Mərkəzin təşkilatçılığı, Tələbə Həmkarlar İttifaqı Komitəsi və Tələbə Gənclər Təşkilatının dəstəyi ilə Zəfər Gününün beşinci ildönümünə həsr olunan bədii tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbirin fəxri qonaqları arasında Vətən müharibəsi iştirakçıları və qazilər olub. Xüsusilə Suqovuşanda Azərbaycan bayrağını sancan qəhrəman qazi İlkin Fərzəliyev tədbirdə iştirak edib.
Fakültənin katibi, dosent Pərviz Səmədov çıxış edərək qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-dən başladığı Vətən müharibəsində böyük zəfər qazanıb. O bildirib ki, noyabrın 8-də xalqımız üçün tarixi və rəmzi əhəmiyyət daşıyan Şuşa şəhərinin işğaldan azad edilməsi dünya hərb tarixinə düşəcək unikal əməliyyatlardan biridir.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurunun təntənəsinə çevrilən bu tarixi qələbənin əbədiləşdirilməsi məqsədilə 8 noyabr tarixi “Zəfər Günü” kimi qeyd olunur.
Tədbir “Azad Rəqs Ansamblı”, Azərbaycan Dövlət Televiziyasının solistləri Nurlan Namazov və Nəsrin Nur, həmçinin fakültə tələbələrinin bədii çıxışları ilə davam edib.
Sonda Zəfər Gününə həsr edilmiş tələbə videoçarxı nümayiş etdirilib.