UNEC-in Mühəndislik fakültəsində tələbələr arasında dövlət qulluğunun təşviqi və bu sahədə mövcud imkanlar barədə məlumatlandırma məqsədilə maarifləndirici tədbir təşkil olunub.
Tədbiri giriş nitqi ilə açan fakültənin dekan müavini Sevinc Abdullayeva mövzunun aktuallığını vurğulayaraq bildirib ki, təşəbbüs Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən “İşçi qüvvəsinin bacarıqlarının inkişaf etdirilməsi və əmək standartlarının təkmilləşdirilməsi” məqsədlərinə uyğun olaraq həyata keçirilir.
Daha sonra söz “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının müəllimi Rəşad Əbilzadəyə verilib. O, çıxışında dövlət qulluğunun inkişafı, gənc mütəxəssislər üçün yaradılmış imkanlar, ali təhsil müəssisələrində aparılan maarifləndirmə işlərinin əhəmiyyəti barədə məlumat verib. Məruzəçi həmçinin Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiqlənmiş “Məşğulluq strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı” çərçivəsində dövlət qulluğunun təbliği istiqamətində görülən tədbirlərdən danışıb.
Tədbirdə dövlət qulluğuna qəbul qaydaları, vakant vəzifələrin tutulması üçün tələb olunan ümumi şərtlər, bu sahədə təqdim edilən elektron xidmətlər və Dövlət İmtahan Mərkəzinin həyata keçirdiyi layihələr haqqında da ətraflı məlumat verilib.
Rəşad Əbilzadə çıxışında qeyd edib ki, “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019–2025-ci illər üçün Strategiya” dövlət qulluğu sisteminin müasirləşdirilməsi, kadr islahatlarının aparılması və peşəkar mütəxəssislərlə təminatın gücləndirilməsini nəzərdə tutur. Strategiya çərçivəsində dövlət qulluğuna qəbul prosesində şəffaf müsabiqə və müsahibə mexanizmlərinin tətbiqi xüsusi önəm daşıyır.
Tədbirin sonunda tələbələrin dövlət qulluğuna dair sualları cavablandırılıb və mövzu ilə bağlı onların rəy və təklifləri öyrənilməsi məqsədilə sorğu keçirilib.