A

UNEC-in Mühəndislik fakültəsində “Süni intellekt və Mühəndislik: Təsir mexanizmləri, alətlər və gələcək trendlər” mövzusunda tədbir keçirilib.

Tədbiri açan fakültə dekan müavini Sevinc Abdullayeva tədbirin məqsədinin süni intellekt, xüsusilə də məsuliyyətli və etik İA sistemləri, eləcə də süni intellekt tətbiqlərində fərdi məlumatların qorunması mövzusunda maarifləndirməni artırmaq olduğunu vurğulayıb. O bildirib ki, tədbir xüsusi olaraq “AI Awareness Days” (Süni İntellekt Maarifləndirmə Günləri) çərçivəsində keçirilir.

Sevinc Abdullayeva çıxışında əlavə edib ki, artıq Sənaye 4.0-dan Sənaye 5.0 hədəflərinə doğru keçid baş verir və bu yeni mərhələdə insan yaradıcılığı ilə süni intellekt imkanlarının inteqrasiyası ön plana çıxır. Onun sözlərinə görə, fərdiləşdirilmiş istehsal, avtomatlaşdırılmış qərarvermə və ağıllı sistemlər mühəndislərin rolunu daha da əhəmiyyətli edir: “Bu transformasiyanın mərkəzində məhz mühəndislər dayanır — çünki dəyişimin həm yaradıcısı, həm də tətbiqedicisi onlardır”.

Daha sonra “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının ixtisas rəhbəri, dosent Təranə Əliyeva çıxış edərək süni intellektin son illərdə mühəndislik peşəsinin demək olar ki, bütün sahələrini yenidən formalaşdırdığını qeyd edib. O vurğulayıb ki, məhsul dizaynı, istehsalın idarə olunması, təchizat zəncirinin optimallaşdırılması və ənənəvi mühəndislik prosesləri artıq süni intellektdən kənarda təsəvvür edilmir.

Təranə Əliyeva həmçinin tələbələrə AI-nin mühəndisliyə təsir edən əsas mexanizmləri — istehsalat proseslərinin optimallaşdırılması, proqnozlaşdırıcı texniki xidmət, rəqəmsal əkizlər, IoT həlləri, data yönümlü qərarvermə və insan–maşın əməkdaşlığının yeni mərhələsi barədə ətraflı məlumat verib.

Tədbirin sonunda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay