UNEC-in Biznes və Menecment fakültəsinin və Tələbə Həmkarlar İttifaqı Komitəsinin nümayəndələri universitetin şəhid məzunu Rüfət Əsgərovun şəhadətə ucalmasının 5-ci ildönümü ilə bağlı keçirilən anım mərasimində iştirak ediblər.
UNEC-in kollektivi Binə qəsəbəsindəki Şəhidlər Xiyabanında şəhidin məzarını ziyarət edib, əziz xatirəsini dərin ehtiramla yad edərək, məzarı önünə gül dəstələri qoyublar.
Mərasimdə çıxış edən Biznes və Menecment fakültəsinin dekan müavini, dosent Elbrus Əkbərov Rüfət Əsgərovun tələbəlik illərindəki nümunəvi davranışlarından, Vətən uğrunda göstərdiyi igidlik və qəhrəmanlıqdan danışıb. O, şəhidin həyat yolunun gənclər üçün böyük örnək olduğunu vurğulayıb.
Anım tədbiri çərçivəsində fakültə nümayəndələri digər qonaqlarla birlikdə Rüfət Əsgərovun xatirəsinə həsr olunmuş muzey təqdimatında iştirak ediblər. Muzeydə şəhidin həyat və döyüş yolunu əks etdirən foto və eksponatlar nümayiş etdirilib, onun şəhadətinin gənc nəsil üçün vətənpərvərlik nümunəsi olduğu xüsusi qeyd edilib.