Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgə əməkdaşlığı çərçivəsində “Qlobal Pul Həftəsi 2026” münasibətilə UNEC-in Maliyyə və mühasibat fakültəsində tələbələr üçün “Puldan danışaq” mövzusunda maarifləndirici təlim təşkil olunub.
Tədbiri giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı, dosent Hafis Hacıyev açaraq, maliyyə savadlılığının hər bir gəncin şəxsi və peşəkar inkişafında vacib rol oynadığını, pulun idarə edilməsinin yalnız gündəlik büdcə planlaşdırılmasından ibarət olmadığını, eyni zamanda gələcək maliyyə stabilliyi, uzunmüddətli məqsədlərin reallaşdırılması, düzgün investisiya strategiyalarının seçilməsi və qənaət vərdişlərinin formalaşdırılması baxımından əsas element olduğunu vurğulayıb, həmçinin tələbələrin maliyyə qərarlarını şüurlu və məlumatlı şəkildə qəbul etmələrinin onların karyera və həyat planlarına ciddi təsir edə biləcəyini diqqətə çatdırıb.
Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) Layihə rəhbəri Kristina Məmmədova çıxış edərək, tələbələrə şəxsi maliyyə idarəçiliyi, qənaət və investisiya imkanları barədə geniş məlumat verib, gündəlik maliyyə qərarlarının onların gələcək maliyyə stabilliyi və iqtisadi müstəqilliyi üzərindəki əhəmiyyətini izah edib, real həyat nümunələri və praktiki məsləhətlər əsasında tələbələrə puldan səmərəli istifadə etmə yollarını göstərərək, maliyyə savadlılığının artırılmasının yalnız şəxsi büdcə planlaşdırması ilə məhdudlaşmadığını, eyni zamanda məqsədyönlü investisiyalar və maliyyə məhsullarının düzgün seçimi ilə birgə gənclərin karyera və həyat planlarını gücləndirə biləcəyini vurğulayıb.
Tədbirin sonunda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.