Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi, eləcə də Bakıda World Urban Forum 13 (WUF13)-ün keçirilməsi çərçivəsində ISE-də maarifləndirici tədbirlər davam edir.
Bu çərçivədə tanınmış memar, yazıçı, memarlıq üzrə elmlər doktoru və professor Elçin Əliyev ISE-nin qonağı olub. Qonaq çıxışında Bakı şəhərinin zəngin və çoxqatlı memarlıq irsi, unikal üslub müxtəlifliyi və xüsusilə Art Nouveau elementlərinin yerli memarlıq ənənələri ilə vəhdəti barədə ətraflı məlumat verib. O, memarlığın yalnız fiziki məkan deyil, həm də şəhərin ruhunu və tarixi yaddaşını əks etdirən mühüm faktor olduğunu vurğulayıb.
Eyni zamanda, World Urban Forum barədə məlumat verən Elçin Əliyev bu kimi beynəlxalq platformaların şəhərsalma, dayanıqlı inkişaf və urban mədəniyyət baxımından əhəmiyyətini qeyd edib. Görüş çərçivəsində tələbələrlə səmimi fikir mübadiləsi aparılıb, gənc memarlara dəyərli tövsiyələr verilib və şəxsi təcrübələr paylaşılıb. O, memarların yalnız texniki biliklərlə deyil, həm də estetik düşüncə və şəhərə bağlılıq hissi ilə formalaşmasının vacibliyini xüsusi vurğulayıb.
Tədbir çərçivəsində ISE-nin Book Club təşkilatçılığı ilə müəllifin “Mənim Bakım” kitabının təqdimatı keçirilib, qonaq UNEC 24/7 kitabxanası ilə də tanış olub. Qeyd edək ki, Elçin Əliyev çoxsaylı kitabların müəllifidir və onun elmi-publisistik fəaliyyəti Azərbaycan memarlıq elminə mühüm töhfələr verib.