Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) beynəlxalq tələbələrin sosial inteqrasiyası və mədəni adaptasiyasının gücləndirilməsi məqsədilə əcnəbi tələbələr üçün Azərbaycan milli rəqsləri üzrə praktiki dərslər təşkil edilib.
İnteraktiv formatda keçirilən təlimlərdə tələbələr milli rəqslərin əsas elementləri, ritm quruluşu və səhnə davranışı ilə tanış olublar. Dərslər təkcə texniki bacarıqların inkişafına deyil, həm də Azərbaycanın zəngin mədəni irsinin əcnəbi tələbələrə tanıdılmasına xidmət edib.
Tədbirdə Beynəlxalq əməkdaşlıq departamentinin Xarici əlaqələr şöbəsinin əməkdaşları Xanım Ağadadaşova, Günel Cəlilova və Röya Allahverdiyeva, UNEC Yaradıcılıq Mərkəzinin direktoru Elman Cəfərov, Cross-Cultural Club-ın sədri Saqif Əhmədli, eləcə də UNEC THİK nəzdində Xüsusi İstedadlar Klubunun sədri və Yaradıcılıq Mərkəzinin rəqs ansamblının solisti Hülya Məmmədova iştirak ediblər.
Dərslər zamanı tələbələrin fəallığı, komanda şəklində hərəkət koordinasiyası və milli musiqiyə uyğunlaşma bacarıqları xüsusi diqqət çəkib. Müxtəlif ölkələri təmsil edən tələbələrin bir araya gəlməsi universitetdə multikultural mühitin daha da möhkəmlənməsinə töhfə verib.