A

UNEC kollektivi Qəbələ və Beyləqan rayonlarında keçirilən “İnklüziv Yaradıcı Sənətlər Festivalı” layihəsi çərçivəsində silsilə tədbirlərin təşkilində fəal iştirak edib.

Festival Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi, Beyləqan və Qəbələ Rayon İcra Hakimiyyətləri, Sosial Xidmətlər Agentliyi, Azərbaycan Dövlət İqtisad Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin rəsmi tərəfdaşlığı, “Biz Bir Ailəyik” Əlilliyi olan şəxslərə dəstək İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilib. Layihəyə həmçinin Mil-Muğan Regional Mədəniyyət İdarəsi, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi, UNEC Dizayn Məktəbi, Beyləqan Niyazi adına Uşaq Musiqi Məktəbi, Qəbələ Peşə Təhsil Mərkəzi, Qəbələ Uşaq İncəsənət Məktəbi və Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzi də dəstək göstərib.

Festivalın əsas məqsədi əlilliyi olan şəxslərin yaradıcılıq potensialının üzə çıxarılması, onların cəmiyyətə inteqrasiyasının gücləndirilməsi, inklüziv dəyərlərin təşviqi və yaradıcı sənətlər vasitəsilə sosial fəallıqlarının artırılmasına töhfə vermək olub.

Tədbirlərdə çıxış edən rəsmi şəxslər, mədəniyyət nümayəndələri və layihə təşkilatçıları inklüzivliyin cəmiyyət üçün əhəmiyyətini vurğulayaraq, bu cür layihələrin gənclərin özlərini ifadə etməsi və istedadlarını nümayiş etdirməsi baxımından mühüm rol oynadığını bildiriblər.

Festivalın bədii hissəsində musiqi, rəqs və bədii qiraət nümunələri təqdim olunub. Kanon, tar, kamança və saz ifaları, milli və müasir rəqslər, həmçinin gənc istedadların çıxışları iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Sonda festival iştirakçıları təltif olunub, layihəyə dəstək göstərən tərəfdaşlara təşəkkür ifadə edilib. Qeyd olunub ki, bu kimi inklüziv layihələr cəmiyyətdə bərabər imkanların təşviqi və sosial inteqrasiyanın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay