Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Akademiyasının (DGKA) iqtisadiyyat ixtisası üzrə təhsil alan 3-cü kurs tələbələri UNEC-də olub.
Distant, qiyabi və əlavə təhsil mərkəzinin təşkilatçılığı ilə keçirilən ənənəvi görüşdə mərkəzin direktoru Səbuhi Tanrıverdiyev DGKA-nın tələbələrinə UNEC-in magistr proqramları barədə ətraflı məlumat verib. Bildirib ki, UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində (BMDM) 11 ixtisas 39 ixtisaslaşma üzrə və 4 dildə tədris həyata keçirilir. Mərkəzin tələbələri UNEC-in diplomu ilə yanaşı, Litvanın Mykolas Romerus, Türkiyənin Süleyman Demirel, Makedoniyanın Beynəlxalq Vizyon Universitetinin diplomunu əldə edə bilərlər.
DGKA-nın tələbələri UNEC Biznes Məktəbi ilə də tanış olublar. Tələbələrə burada 14 ixtisaslaşma üzrə Azərbaycan, rus və ingilis dillərində beynəlxalq standartlara uyğun MBA proqramı əsasında magistr təhsili aparıldığı bildirilib. UNEC-in magistratura təhsilinin beynəlxalq standartlara uyğunlaşdırılması, tədris prosesində iş dünyası ilə daha sıx əlaqələrin qurulması və Avropanın aparıcı universitetləri ilə ikili diplom proqramları tələbələrin xüsusi marağına səbəb olub.
Sonra DGKA-nın tələbələri ilə UNEC-in SABAH qruplarının 3-cü kurs tələbələri arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən “Kim? Nə? Harada?” intellektual yarış təşkil edilib. Cümhiriyyət dövrünün iqtisadi siyasəti mövzusunda hazırlanan suallar əsasında keçirilən yarış 6:6 hesabı ilə bitib.
DGTA-nın tələbələri UNEC-də yüksək təəssrütalarla ayrılıblar.