"AccessBank"ın təşkilati dəstəyi ilə UNEC-in Maliyyə və Mühasibat fakültəsində ənənəvi layihə "UNEC Business Conversation Club" tədbiri keçirilib.
Tədbir tələbələr tərəfindən böyük maraqla qarşılanıb. Tədbiri giriş sözü ilə açan UNEC-in Maliyyə və mühasibat fakültəsinin dekanı Gəray Musayev təmsil etdiyi ali təhsil ocağı ilə "AccessBank" arasında əməkdaşlıq səviyyəsindən məmnun olduğunu bildirib: "Biz ilk "UNEC Business Conversation Club"un necə faydalı olduğunun şahidi oldu. Şübhəm yoxdur ki, start verdiyimiz növbəti layihə də çox faydalı olacaq".
Tələbələrlə iş üzrə prorektor i.e.n., dosent Səadət Qəndilova, öz növbəsində bildirdi ki, "AccessBank"ın UNEC-də həyata keçirdiyi layihələr bankın imicinin möhkəmlənməsinə səbəb olub: "Mən şəxsən tələbələrin "UNEC Business Conversation Club" layihəsi barədə rəyini dinləmişəm və bu məni olduqca məmnun edib”.
"AccessBank"ın İdarə Heyəti sədrinin müavini, baş maliyyə inzibatçısı Albrext Sabelus isə "UNEC Business Conversation Club"un çox effektiv bir layihə olduğunu bildirdi: "Mən özüm də bu layihənin iştirakçısı olmuşam və əminliklə deyə bilərəm ki, "UNEC Business Conversation Club" həm tələbələrə, həm də "AccessBank"a olduqca böyük fayda verib".
"AccessBank"ın Korporativ Bankçılıq, marketinq departamentinin direktoru Günay Cəlilova isə qeyd edib ki, cari layihə 10 sessiyadan ibarət olacaq: "Sözsüz ki, ilk layihəmiz olduqca uğurlu alındı. Bununla yanaşı, bizə xeyli təcrübə toplamağa imkan verdi və bu təcrübə bizə şərait yaradır ki, yeni layihəni daha da maraqlı və effektiv edək".
UNEC-in "Xarici dillər" kafedrasının dosenti, "UNEC Business Conversation Club" layihəsinin müəllifi Xavər Hacıyeva bildirdi ki, "UNEC Business Conversation Club" layihəsinə start verəndə onun bu qədər uğurlu olacağı gözlənilmirdi. “Müəllimin işi öyrətmək, tələbənin işi isə öyrənməkdir. Məni çox sevindirir ki, hər kəs öz işinin öhdəsindən artıqlaması ilə gəldi!"
Qeyd edək ki, "AccessBank"ın dəstək verdiyi və 8 həftə davam edən "UNEC Business Conversation Club" layihəsi çərçivəsində tələbələr ingilis dilinin biznes istiqamətini öyrənib. İELTS mütəxəssisləri ilə yanaşı, bankın əməkdaşları da layihədə iştirak edərək tələbələrə ingilis dilində öz təcrübələri haqqında danışıblar.
Əlavə edək ki, layihənin birinci mərhələsində iştirak edən tələbələr "UNEC Business Conversation Club"un davam etdiyi müddət ərzində "AccessBank"da ekskursiyada olmuş, hər bir struktur bölmənin iş prosesi ilə yaxından tanış olmuşlar. Həmçinin, layihə bitdikdən sonra tələbələr "AccessBank"da 3 həftəlik təcrübə proqramı keçib və müvafiq sertifikatla təltif olunublar. Bununla yanaşı, layihənin aktiv iştirakçıları olmuş dördüncü kurs tələbələri istehsalat təcrübəsini məhz "AccessBank"da keçmək hüququ qazanıblar.