A

“Absheron Hotel Group” və UNEC arasında imzalanmış Anlaşma Memorandumunun müddəalarına uyğun olaraq Distant, qiyabi və əlavə təhsil mərkəzinin təşkilatçılığı ilə “Maliyyə” ixtisası üzrə qiyabi formada təhsil alan tələbələrlə görüş həyata keçirilmişdir.

Görüşdə “Absheron Hotel Group” portfoliosuna daxil olan, “Boulevard Hotel Baku” otelinin Baş Menecerinin Əməliyyat üzrə Müavini Sevda Məmmədova “Mehmanxanada Maliyyə işinin təşkili” və “Absheron Hotel Group”un Gəlirlər və Biznesin İnkişafı üzrə Qrup Direktoru Bahar Qəniyeva “Mehmanxanada Marketinq Strategiyası və Gəlirlərin İdarə edilməsi” mövzusunda tələbələr üçün təqdimatlarla çıxış etmişlər.

Görüşü giriş sözü ilə açan mərkəzin direktoru Səbuhi Tanriverdiyev təlim xarakteri daşıyan görüşün təşkilində məqsəd istedadlı mütəxəssislərin və ixtisaslı peşəkar kadrların yetişdirilməsi, həmçinin qiyabi formada təhsil alan və əmək fəaliyyəti ilə məşğul olan yerli peşəkarların təkmilləşdirilməsi prosesinə biznes dünyasının dəstəyindən və peşəkar təcrübəsindən faydalanmaq olduğunu bildirmiş və məhz bu ideyanı əsas tutaraq UNEC-də təhsil alan tələbələrin iş dünyasında peşəkar mütəxəssislər ilə görüşlərin, təlimlərin və master-klassların, mühazirələrin bundan sonra da daha aktiv təşkil edilməsi istiqamətində işlərin görüldüyünü xüsusi vurğulamışdır.

“Boulevard Hotel Baku” otelinin Baş Menecerinin Əməliyyat üzrə Müavini Sevda Məmmədova təqdimatında mehmanxananın maliyyə və əməliyyat üzrə tam auditi üçün hədəflər, otelin maliyyə şöbəsinin strukturu, menecment hesabatlarının növləri, mehmanxana və yerləşdirmə sənayesi üçün hesablar sisteminin formaları və digər məsələlər barədə geniş məlumat verdi.

“Absheron Hotel Group”un Gəlirlər və Biznesin İnkişafı üzrə Qrup Direktoru Bahar Qəniyeva təqdimatında marketinq və gəlirlərin idarə edilməsi bölmələri arasındakı münasibət, gəlirlərin idarə edilməsi, paylama kanalları və rezervasiya, bronlama sistemləri, satışın artırılması yolları, rəqabət prosesində otelin taktiki və strateji davranışı, büdcə və proqnozlaşdırma barədə tələbələrin marağına səbəb olan məlumatlar təqdim etdi.

Təqdimatın yekununda müzakirələr keçirilmiş, tələbələrin sualları cavablandırılmışdır. Tədbirin yekunu olaraq, müzakirələr və təlim zamanı xüsusi fəallıq göstərən tələbələr üçün Qrupun portfoliosuna daxil olan otellərə tanışlıq turunun təşkili razılaşdırılmışdır.

TOP XƏBƏRLƏR