A

UNEC-in Zaqatala filialında baza iqtisadi bilikləri formalaşdıran fənlər üzrə imtahanların yazılı keçirilməsi ilə bağlı  həmin fənlərin tədrisinin müasir dövrün tələblərinə uyğun təşkil edilməsinə təşkilati-metodiki dəstək göstərmək məqsədilə universitetin nümayəndə heyəti filiala ezam olunub.

Tədrisin keyfiyyətinin qiymətləndirilməsi və idarəedilməsi mərkəzinin direktor müavini, dosent Söhrab İsayev, Tədrisin keyfiyyətinə nəzarət şöbəsinin müdiri, dosent Sevda Sərdarova və keyfiyyət elçisi Afət Cəfərovadan ibarət nümayəndə heyəti tələbələrin biliyinin yazılı formada attestasiyasına başlanılması, habelə filialda bütövlükdə tədris prosesinin keyfiyyətinin yüksəldilməsi məqsədilə filialın professor-müəllim heyəti və tələbələri ilə görüşlər keçirib.

Filialın direktoru, professor Orucəli Rzayev və pedaqoji heyətlə keçirilən görüşdə Söhrab İsayev baza iqtisadi bilikləri formalaşdıran fənlər üzrə imtahanların yazılı keçirilməsinin əhəmiyyətindən danışıb. İmtahanların yazılı təşkilinin tələbələrin məntiqi təfəkkürünün inkişafında, yazı qabiliyyətinin formalaşmasında və ixtisasa daha dərindən yiyələnməsində mühüm rol oynadığını vurğulayıb.

Professor O.Rzayev filialda tələbələrin biliyinin yazılı formada qiymətləndirilməsini müsbət amil kimi dəyərləndirərək, bu istiqamətdə təşkilati və metodiki dəstəyə ehtiyac olduğunu bildirib.

Görüşdə müəllimlərin sualları cavablandırılıb və təklifləri dinlənilib.

Nümayəndə heyəti filialın tələbələri ilə də görüşüb. S.İsayev tələbələrə yazılı imtahanların üstünlüklərindən söz açaraq, imtahanın keçirilməsi və qiymətləndirilməsi qaydalarını açıqlayıb. Sonra Sevda Sərdarova tələbələri  “mikroiqtisadiyyat” fənni üzrə imtahan sualları ilə tanış edərək, onlara “Dövrü axın modeli” və  “Ekonomiksin 10 prinsipi” haqqında icmal mühazirə də keçib. Mühazirə tələbələr tərəfindən böyük maraqla qarşılanıb.

Səfər çərçivəsində Afət Cəfərova II kursların dərslərində müşahidəçi qismində iştirak edərək, tələbələrin tədrisin təşkili ilə bağlı təkliflərini dinləyib.

TOP XƏBƏRLƏR