UNEC-də Azərbaycan Respublikası Təhsil Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin təşəbbüsü ilə Avrasiya Patent İdarəsi (APİ) tərəfindən gənclərin əqli mülkiyyət sahəsinə marağının artırılması məqsədilə hər il “Gələcəyə baxış” devizi altında keçirilən Avrasiya patent universiadasında iştirak etmək arzusunda olan istedadlı tələbələrlə görüş keçirilib.
Görüşü giriş sözü ilə açan Texnologiya Transfer şöbəsinin müdiri Vəkil İbrahimov Universiadanın əhəmiyyətindən danışmış, iştirakçılara Avrasiya Patent İdarəsinin və beynəlxalq patent təşkilatlarının fəaliyyəti haqqında məlumatlar vermişdir. Texnologiya Transfer şöbəsinin əsas məqsədlərindən birinin məhz tədqiqatlardan əldə edilən elmi nəticələrin kommersiyalaşdırılması olmasını iştirakçıların nəzərinə çatdırmışdır. Müəllif hüquqlarının qorunması və ixtiralara patentlərin verilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməsinin şöbənin əsas funksiyalarına daxil olması barədə söz açmışdır.
Daha sonra, UNEC-in Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin əməkdaşları tərəfindən fərqli ixtisaslar üzrə təhsil alan tələbələrə universiada barədə ətraflı məlumatlar verilmiş və layihələrin Agentlik tərəfindən qəbul edilməsi üçün lazımi şərtləri onların diqqətinə çatdırmışdır.
Tədbirin sonunda tələbələrin təqdim etdikləri layihələr müzakirə olunmuş və onlar arasından uyğun olanlar seçilmişdir. Münasib olan layihələrə müəllif hüququnun verilməsi ilə bağlı işlərin Əqli Mülkiyyət Agentliyinə təqdim ediləcəyi bildirilmişdir.
Tədbir tələbələr tərəfindən böyük maraqla qarşılanmış və gələcəkdə bu kimi görüşlərin müntəzəm olaraq keçirilməsi arzu olunmuşdur.