A

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, “Kapital Bank” ASC və UNEC-in birgə təşkilatçılığı ilə tələbələr arasında keçirilən “Made in Azerbaijan” biznes ideya müsabiqəsinin finalçıları üçün 3 günlük təlim və mentorluq xidməti göstərilib.

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil edilən təlim və mentorluq günlərində tələbələrə yarışa hazırlıq, layihələrin təkmilləşdirilməsi istiqamətləri barədə geniş təlimlər keçirilib.

Gənclər və İdman Nazirliyinin Gənclər təşkilatları ilə iş sektorunun baş məsləhətçisi Rüstəm Abdullayev çıxışı zamanı müsabiqənin gənclərə qazandırdığı bilik və bacarıqların əhəmiyyətinə diqqət çəkib. Bildirilib ki, tələbələrin gənc sahibkar kimi yetişməsinə xidmət edən bu kimi müsabiqələr ölkədəki startap ekosisteminə xüsusi töhfə qazandırır.

UNEC Biznes Mərkəzinin direktoru Asəf Əsədov uğurlu startapların qurulması üçün zəruri şərtlər, yaranan fürsətlərin dəyərləndirilməsi, beynəlxalq təcrübədə tətbiq edilən konsepsiyalar barədə təlim keçib.

Təlimin ikinci günündə UNEC Karyera Mərkəzinin direktoru Ramil Cabbarov startaplar üçün marketinq anlayışları, tətbiq edilən strategiyalar, araşdırma metodları, az büdcə ilə həyata keçirilən yeni marketinq taktikaları barədə biliklər çatdırıb.

Təlimin üçüncü günündə isə təqdimat zamanı diqqət ediləsi məqamlardan, biznes modelləri haqqında praktik məlumatlar paylaşılıb. İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitinin (WSIS) qalibi, UNEC SABAH qruplarının məzunu Elnarə Məmmədzadə yüksək effektivlik qazandıran biznes model nümunələrindən, maliyyə vəsaitlərinin cəlbi və menecmenti barədə təqdimatla çıxış edib.

Məlumat üçün bildirək ki, finala vəsiqə qazanan 5 layihə -  “ViewGo”, “Oyuncaqçı”, “Kitablı”, “One click-One hand” və “Bio Bone” layihələrin ideya müəllifləri UNEC, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Gəncə Dövlət Universiteti və Xəzər Universitetinin tələbələridir.

22 mayda keçiriləcək final mərhələsində biznes ideyaların təqdimatı keçiriləcək, qaliblər münsiflər heyəti tərəfindən müəyyən ediləcək. Qaliblər müsabiqənin sponsoru olan “Kapital Bank” ASC tərəfindən pul mükafatı qazanacaq. Belə ki, müsabiqədə 1-ci yerin sahibi 2000 AZN, 2-ci yer 1500 AZN, 3-cü yer 1000 AZN mükafata sahib olacaq.

TOP XƏBƏRLƏR