Dekabrın 28-dən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2019/2020-cu tədris ilinin qış imtahan sessiyasına start verilib.
Sessiya 28 dekabrdan 31 yanvaradək davam edəcək. Qış imtahan sessiyası zamanı bakalavr səviyyəsində 12412 nəfər tələbənin 6 fənn üzrə biliyinin qiymətləndirilməsi həyata keçiriləcək. Magistratura səviyyəsi üzrə 3360 nəfərin attestasiyası nəzərdə tutulub. Zaqatala filialı üzrə isə bakalavr səviyyəsində 628 tələbə imtahan sessiyasında iştirak edəcək. UNEC nəzdində fəaliyyət göstərən Maliyyə-İqtisad Kollecində attestasiya olunacaq tələbə sayı 1210 nəfərdir.
Sessiya dövründə tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi və şəffaflığın təmin edilməsi prioritet seçilib. Əvvəlki illərdə olduğu kimi, bu il də UNEC-də imtahanlar ictimaiyyətə açıq olacaq. Sessiyaya nəzarəti aparıcı təhsil ekspertlərindən, QHT və media nümayəndələrindən, tələbələrdən ibarət İctimai Nəzarət Şurası həyata keçirəcək. Sessiya dövründə “Açıq qapı” günləri təşkil olunacaq, sorğu və müraciətlər dinləniləcək.
Şəffaflığın və obyektivliyin effektiv təmin edilməsi məqsədi ilə sessiya dövründə 18 46 “Qaynar xətt”i, bütün tədris binalarında isə “Qərargah”lar fəaliyyət göstərəcək.
UNEC 24/7 Kitabxanası fasiləsiz xidmət göstərəcək, digər tədris binalarındakı kitabxana və oxu zalları isə gücləndirilmiş iş rejimində 22.00-dək fəaliyyət göstərəcək.
UNEC-in Zaqatala filialında və Maliyyə-İqtisad Kollecində də imtahanlar eyni qaydada təşkil olunacaq.