Azərbaycan Dövlət İqtisad Universiteti və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı ilə yeni layihə başlayıb. Layihə çərçivəsində ilk olaraq Tərtər rayonunda əlilliyi olan bir çox uşaqlar üçün müxtəlif əyləncələr və təlimlər təşkil olunub.
UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəal tələbələri və UNEC İnklüziv Təhsil Mərkəzinin koordinatoru Sevinc Məhsimova 2020-ci il 10-14 fevral tarixlərində Tərtər şəhərində yerləşən Avrasiya Təlim Mərkəzində maraqlı təlimlər, görüşlər keçiriblər. İlk təlim İngilis dili və İdman dərsləri olub. UNEC-in tələbələri qrup halında bölünərək dərslərə giriblər. Tələbələr uşaqlara həm bilik öyrədib, həm də onlarla əyləniblər.
Səfər zamanı Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla da görüş olub. Sonra UNEC tələbələri aprel döyüşlərində şəhid olan Nicat İsgəndərovun ailəsinə baş çəkiblər. Daha sonra isə şəhidimizin məzarı ziyarət olunub.
12-13 fevral tarixlərində isə Tərtər rayonunun cəbhəyanı kəndlərində yerləşən məktəblərində təhsil alan şagirdlərlə görüşlər keçirilib. Bildirilib ki, bundan sonra həmin təhsil ocaqlarının şagirdlərinə həm dərs ləvazimatı, həm də tədris prosesi ilə bağlı lazımi dəstək göstəriləcək.
UNEC tələbələri, eyni zamanda Avrasiya Kredit Fondunun işi ilə maraqlanıblar. Nümayəndə heyəti fondun Tərtər rayonunda yaşayan ailələrə göstərdiyi dəstəklə tanış olub, kredit sistemi ilə bağlı təlim keçib.