UNEC Zaqatala filialında Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan “Xocalı əsrin faciəsidir” mövzusunda tədbir keçirilib.
Tədbirdən öncə faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Filialının direktoru, professor Orucəli Rzayev bildirib ki, Ermənistan hərbi birləşmələrinin, MDB-nin Xankəndində yerləşən 366-cı alayının hərbiçiləri tərəfindən törədilmiş Xocalı soyqırımı və ermənilərin məkrli siyasətinin qanlı cinayətləri təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bütöv bəşəriyyətə qarşı yönəldilən qanlı cinayətdir. Bu kütləvi qırğında yüzlərlə insan vəhşicəsinə qətlə yetirilib, yandırılıb və girov götürülüb.
O.Rzayev qeyd edib ki, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu qanlı faciəyə ilk dəfə olaraq, hüquqi-siyasi qiymət verilib və 1994-cü ildə ümummilli liderin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi qəbul edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlərin, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırım kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir.
Sonra “Ümumi fənlər” kafedrasının baş müəllimi Arif Əzimov “İnsanlığa qarşı yönəldilmiş cinayət” mövzusunda təqdimatla çıxış edib.
Tədbirdə tələbələrin Xocalı soyqırımına həsr etdikləri ədəbi-bədii kompozisiya nümayiş olunub.
Xocalı soyqırımının ildönümü ilə bağlı filialın bir qrup fəal tələbələri dosent Həqiqət Qədimovanın rəhbərliyi ilə Zaqatalada məskunlaşan Xocalı sakininin ailəsini ziyarət ediblər.
Xocalı sakinləri həmin dövrdə yaşadıqları faciəni, ermənilərin onların başlarına gətirdikləri vəhşilikləri tələbələrlə bölüşüblər.