A

"Azərbaycan" qəzeti

Azərbaycan Prezidenti yeni nəslin üzərinə çox böyük məsuliyyət qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev gəncliyimizin əzmini, potensialını, onların vətənpərvər ruhda yetişməsini yüksək qiymətləndirərək bunun dövlət siyasətinin tərkib hissəsi olduğunu çıxışlarında dəfələrlə vurğulamışdır: "Mən gənclərin rolunu həmişə çox yüksək qiymətləndirmişəm. Bu gün də Azərbaycan gəncləri ölkəmizin uğurlu inkişafında öz fəal rolunu oynayırlar... Şadam ki, bu gün bizim gənclərimiz ən yüksək meyarlara cavab verirlər - bilik, peşəkarlıq, yenilik, müasirlik baxımından. Bütövlükdə, gələcəkdə Azərbaycanı idarə edəcək insanlar bugünkü gənclərdir. Ona görə onların bilikləri və eyni zamanda vətənpərvərliyi bizim müstəqilliyimizi daim gücləndirəcək və ölkəmizin uzun illər, onilliklər bundan sonra dayanıqlı inkişafını təmin edəcək”.

Dövlət başçısının qeyd etdiyi kimi, gənclərimizin bilikli, intellektual, dünyagörüşlü böyüməsi qarşıda duran əsas vəzifələrdən biri və ən vacibidir. Əlbəttə, dövlətin gəncliyə belə qayğısı cavabsız qalmır. Onlar da öz üzərlərinə düşən vətəndaşlıq borcunu dərk edir, oxuduqları və çalışdıqları sahələrdə öndə olmağa can atırlar. Gəncliyin potensialından maksimum dərəcədə istifadə edilməsindən ruhlanan yeni nəsil ona tapşırılan vəzifənin şərəfini və məsuliyyətini dərk etməli, yüksək qiymətləndirməli və əməli fəaliyyətləri ilə qarşılamalıdırlar. Mən də bir tələbə kimi dövlətimizin gəncliyə dəstəyini öz üzərimdə daim hiss edir, bunun müqabilində çalışıram ki, fəallığımı daha da artırım.

Əslən Laçın rayonundan olsam da, Bakıda dünyaya göz açmışam. Ş.Əfəndizadə adına 13 saylı tam orta məktəbi bitirib Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat fakültəsinin dünya iqtisadiyyatı ixtisasına qəbul olmuşam. Hazırda IV kurs tələbəsiyəm.

Kiçik yaşlarımdan musiqi ilə məşğul olmuşam. Niyazi adına 22 saylı Musiqi Məktəbində xalq çalğı alətləri şöbəsinin əvvəlcə tar, daha sonra isə xanəndəlik siniflərində təhsil almışam. İstər orta, istərsə də hazırda ali məktəbdə təhsil illərində ictimai fəallardan sayılmışam. Universitetdə fəaliyyət göstərən "İqtisadçı Vətənpərvərlər” Təşkilatının sədriyəm. Bu xətlə dəfələrlə cəbhə bölgələrinə səfər etmişik. 2019-cu ildə Müdafiə Nazirliyinin və universitetimizin birgə təşkilatçılğı ilə təşkil olunan "Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” adlı Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası çərçivəsində igid döyüşçülərimizin qəhrəmancasına qoruduğu Tovuzun ön cəbhə xəttinə səfər etmişik. Həmin aksiyanın fəal iştirakçısı kimi Müdafiə naziri general-polkovnik Zakir Həsənovun mükafatı ilə təltif olunmuşam.

2018-ci ildə Müdafiə Nazirliyi ilə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin birgə keçirdiyi "Gənc Heydərçilər” hərbi vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsində qrup rəhbəri olmuş, yekunda fəxri fərman və pul mükafatına layiq görülmüşəm. "Azərbaycan-Qazaxıstan” Respublika Dostluq Cəmiyyətinin üzvüyəm. Tələbələrin II Qurultayının nümayəndəsi olduğumdam qürur hissi keçirirəm.

Universitetin Yaradıcılıq mərkəzinin üzvü kimi musiqi sahəsində də uğurlarım az olmayıb. 2016-cı ildəTəhsil Nazirliyinin və Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin birgə həyata keçirdiyi Nizami Gəncəvinin 875 illik yubileyinə həsr olunmuş incəsənət sahələri üzrə baxış-müsabiqəsində "N.Gəncəvinin sözlərinə ən yaxşı muğam ifası” nominasiyasında 1-ci yerə layiq görülmüşəm. Ötən il Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən "Tələbə Baharı” XII Ümumrespublika yaradıcılıq festivalında "Muğam” musiqi nominasiyasında II, bu il isə I yeri qazanmışam.

Prezident İlham Əliyevin sərəncamı ilə 2019-cu ilin "Nəsimi ili” elan olunması münasibətilə təhsil aldığım universitetin Yaradıcılıq mərkəzi ilə birgə Türkiyənin paytaxtı Ankara şəhərində Nəsimiyə həsr olunmuş tamaşada xanəndə kimi çıxışım Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən təşəkkürnamə və üzərində Nəsiminin rəsmi olan bürünc xatirə pul nişanı ilə qiymətləndirilib.

Uşaqlıqdan vətənə bağlı ruhda böyümüşəm. Ali Baş Komandanın və qüdrətli Azərbaycan Ordusunun gücü ilə doğma torpaqlarımızı düşməndən azad edəcəyimizə əminəm. Dövlət başçısının son vaxtlar Ermənistanın hakim dairələrinə, eləcə də dünyanın aparıcı təşkilatlarına verdiyi mesaja görə qürurlanır və mən də Ali baş Komandanın verəcəyi əmrə hər an hazır olduğumu bildirirəm! Biz Azərbaycan gəncliyi Vətənimizi, müstəqil dövlətimizi, Prezidenti və Ali baş Komandanımızı göz bəbəyi kimi qorumağa hazırıq! Biz hansı sahənin mütəxəssisi olmağımıza baxmayaraq, Vətənin çağırışına səs verməliyik. Axı mən həm də ata-anamın doğulduğu yurdun övladıyam! Sultan bəyin nəslinin davamçılarından biri kimi sözümə əməlimlə cavab verməyə hazıram. O yurdlar bizi, əsl sahiblərini gözləyir!

Yusif CƏFƏRBƏYLİ,
Azərbaycan Dövlət İqtisad Universitetinin IV kurs tələbəsi, "İqtisadçı Vətənpərvərlər” Təşkilatının sədri

 

TOP XƏBƏRLƏR