UNEC kollektivinin Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş məzunlarının ailələrini ziyarəti davam edir.
Budəfəki ziyarətdə UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Rüfət Süleymanlı və THİK fəalları Vətən müharibəsində qəhrəmancasına şəhid olan UNEC-in məzunu Mixail Həmidovun ailəsi ilə görüşüblər.
Zəfəri qanı ilə qazanmış “Mixaylo” ləqəbli kəşfiyyatçı Mixail Həmidovun yaxınları ilə görüşdə şəhidin ailəsi onun həyat yolundan danışaraq, xatirələrini bölüşüblər. Mixailin Almaniyada yaşadığı dövrdəki uşaqlıq, eləcə də Bakıya köçəndən sonrakı gənclik illərindən danışıblar. vətənini də ailəsi qədər sevdiyindən danışıblar.
Mixaillə bağlı maraqla dinləyən tələbələr onun əziz xatirəsi həmişə əziz tutacaqlarını, Mixailin şərəfli həyat yolunun hər bir gənc üçün örnək olacağını deyiblər.
Sonra UNEC THİK sədri Rüfət Süleymanlı Mixail Həmidovun adına Fəxri fərmanı şəhidimizin ailəsinə təqdim edib.
Mixail Həmidov 1983-cü il dekabrın 18-də Şərqi Almaniyanın Potsdam şəhərində hərbçi ailəsində anadan olub. 1991-1998-ci illərdə Suraxanı rayonundakı 278 nömrəli tam orta məktəbdə, 1998-2001-ci illərdə isə Sabunçu rayonundakı 72 nömrəli məktəb-liseyində təhsil alıb. 2001-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (AAHM) qəbul olan Mixail Həmidov, 2005-ci ildə ali hərbi təhsilini bitirib. Kəşfiyyatçı olaraq 4 il ərzində Xüsusi Təyinatlı Qüvvələrdə “leytenant” hərbi rütbəsində xidmət edən Mixail Həmidov, 2009-cu ildə öz istəyi ilə Azərbaycan Silahlı Qüvvələri sıralarından “baş leytenant” hərbi rütbəsində tərxis olunub. Rus, ingilis və erməni dillərini bilirdi.
2013-2015-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) MBA proqramı üzrə “Biznesin idarə edilməsi” ixtisası üzrə magistr təhsili alıb. Azərbaycan Ordusundan tərxis olunandan sonra bir neçə yerdə yüksək vəzifələrdə çalışıb.
2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun ehtiyatda olan baş leytenantı Mixail Həmidov öz istəyi ilə Vətən müharibəsinə yollanıb. O, Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Füzuli rayonu istiqamətində Ermənistan tərəfində olan bir neçə postun qısa müddət ərzində Azərbaycan tərəfinin nəzarəti altına alınmasında xüsusi rol oynayıb. Vətən müharibəsində silah yoldaşları tərəfindən "Mixaylo" ləqəbini qazanan Mixail Həmidov oktyabrın 23-də Füzuli döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.
Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Ailəli idi, üç övladı var.