İyunun 16-da Qarabağın azadlığı uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış UNEC-in İqtisadiyyat fakültəsinin məzunu Anar Qarayevin ad günü idi, yaşasaydı 23 olacaqdı.
Anar Qarayevin doğum günü münasibətilə İqtisadiyyat fakültəsinin dekanı dosent Asiman Quliyev, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Rüfət Süleymanlı və tələbələr şəhidin məzarını ziyarət ediblər. UNEC kollektivi şəhidin məzarı önünə gül dəstələri düzərək, onun əziz xatirəsini ehtiramla yad ediblər. Sonra UNEC kollektivi şəhidin ailəsinə baş çəkib.
Anası Anarın döyüş yolu haqqında tələbələrə danışıb. Oğlunun 2020-ci il iyulun 10-da Goranboy rayonu “N” saylı hərbi hissəsində əsgəri xidmətə başladığını, sentyabrın 15-də Ağdamın “N” saylı hərbi xidmətini davam etdirdiyini deyib. Vətən müharibəsi başlayanda cəbhəyə yollanan Anar Talış kəndi və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edib, oktyabrın 4-də Suqovuşanda qəhrəmancasına şəhid olub. 9 oktyabrda doğulduğu Qax rayon Almalı kəndindəki Şəhidlər xiyabanında dəfn olunub. Ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.
Sonda UNEC kollektivi şəhidə özəl hazırlanmış hədiyyəni onun valideynlərinə təqdim edib.