×

Warning

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder Failed deleting index.html


A

3 iyul Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunu, Vətən müharibəsinin şəhidi Süleyman Qarayevin doğum günü idi, 26 yaşı tamam olurdu.

Qarayev Süleymanın doğum günü münasibətilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Gəray Musayev, dekan müavini Azər Qarayev və Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Rüfət Süleymanlı Sabirabad rayonunda şəhidin məzarını ziyarət ediblər. UNEC kollektivi şəhidin əziz xatirəsini ehtiramla yad edərək, məzarı önünə əklil qoyublar və gül dəstələri düzüblər.

Sonra şəhidin ailəsi ziyarət olunub. Şəhid atası Süleymanla bağlı xatirələrini bölüşərək, onun həyat yolundan, arzularından danışıb. Süleymanın Vətənin azadlığını hər şeydən üstün tutduğunu və bütün arzularının önündə Vətən sevgisinin dayandığını deyərək, onun döyüş yolundan söz açıb: “Ermənilərin təxribatının qarşısının alınması üçün əks-hücum əmri veriləndə döyüşə ilk atılanlardan biri də Süleyman oldu. O, Ağdam istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərmişdi. Snayperçi idi, açdığı dəqiq atəşlə düşmənin onlarla canlı qüvvəsini məhv etmişdi. Oktyabrın 7-də gedən gərgin döyüşlərdə oğlum şəhidlik zirvəsinə ucaldı”.

Süleymanın həyat yoldaşı Şəlalə Qarayeva və iki övladı onun doğum gününə şəhidimizin hərbi geyimində qatılmışdı. Şəlalə xanım Süleymanın hərbi geyiminin ona əmanət olduğunu bildirərək, xatirələrini bölüşüb: “Süleymanın budəfəki doğum günü istəyinə uyğun oldu. O, ötən il öz ad gününü keçirmədi. Dedi ki, gələn il mənim ad günüm izdihamlı keçiriləcək. Sanki bu günü qabaqcadan görmüşdü. Şəhidlik Süleyman üçün ən uca məqam, ən ülvi arzu idi. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olundu. İndi o, cənnətdə öz arzusuna qovuşub”.

Fakültə dekanı dosent Gəray Musayev Süleyman kimi igid oğulların, cəsur əsgərlərimizin, qazilərimizin qanı, canı bahasına qazanılan qələbəmizin 30 illik Vətən həsrətinə son qoyduğunu deyərək, xalqımızın bu cür oğullarımızla fəxr etdiyini, onların gələcək nəsillərə örnək olduğunu bildirib. Şəhid ailəsinin hər bir üzvünün UNEC ailəsi üçün dəyərli olduğunu diqqətə çatdırıb.

Sonra Şəlalə xanıma xatirə hədiyyəsi təqdim edilib.

TOP XƏBƏRLƏR