Oktyabrın 7-də Qarabağın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunu, Əhmədağa İsgəndərovun anım günüdür. Şəhid İsgəndərov Əhmədağanın anım mərasimi Kürdəxanı qəbiristanlığında qeyd edilib.
Anım mərasimində ailə üzvləri ilə yanaşı, UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Rüfət Süleymanlı, Distant, Qiyabi və Əlavə təhsil mərkəzinin (DQƏTM) Tələbə Həmkarlar Ittifaqı Komitəsinin (THIK) sədri Ağazadə Günay, icra başçıları, millət vəkilləri və digər rəsmilər iştirak ediblər.
Sonra UNEC kollektivi şəhidin əziz xatirəsini ehtiramla yad edərək, məzarı önünə əklil və gül dəstələri düzüblər.
Daha sonra şəhid Əhmədağa İskəndərovun təhsil aldığı 82 saylı tam orta məktəbdə şəhidlərin xatirə lövhəsinin açılışı olub. Yaradılan xatirə guşəsində şəhid Əhmədağa İskəndərovla bağlı məlumatlar qeyd olunaraq, onların təltif və medalları yerləşdirilib.
Tədbirdə çıxış edənlər Vətən uğrunda canından keçən şəhidlərimizin Vətən, torpaq naminə göstərdikləri qəhrəmanlıqların məktəblilər üçün örnək olduğunu, gələcək nəsillərin şəhidlərimizin döyüş yolunu öyrənərək vətənpərvərlik ruhunda böyüməsində bu cür tədbirlərin böyük rolu olduğunu qeyd ediblər.
Xatirə guşəsinin təqdimatından sonra şəhidlərimizin təhsil aldığı və adları verilmiş sinif otaqları ziyarət olunub. Eyni zamanda 82 saylı tam orta məktəbdə şəhid Əhmədağa İskəndərovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib, şəhidimizin atası ilk gedişi edərək turniri açıq elan edib.
Sonda qaliblər şəhid ailələrinin iştirakı ilə mükafatlandırılıb.
Bildirək ki, Əhmədağa İskəndərov “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.