UNEC kollektivi Vətən müharibəsində şəhid olmuş tələbə Əsəd Əsədlinin ailəsini ziyarət edib.
Qiyabi və əlavə təhsil mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev, dosent Yalçın Köçərli, THİK sədri Rüfət Süleymanlı şəhidin ailə üzvləri ilə görüşdə onunla bağlı xatirələrini bölüşərək, Əsədlə fəxr etdiklərini bildiriblər.
Şəhidin anası Səidə xanım Əsədin dostları arasında daima sevilib-seçilən biri olduğundan, onun vətən sevgisindən danışıb.
UNEC kollektivi şəhidin xatirəsinə yaradılan otaqla da tanış olublar. Şəhidin babası xatirə otağında Əsədin fotoşəkillərinin tarixçəsi barədə məlumat verib.
QƏTM-nin direktoru Səbuhi Tanriverdiyev Əsədin UNEC-in tələbəsi olmasından qürur duyduğunu, onun 21 döyüş yoldaşını mühasirədən çıxararaq ölümün pəncəsindən alıb şəhidlik zirvəsinə ucalmasını Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsi kimi dəyərləndirib. Vətən tarixinə adlarının qızıl hərflərlə yazılan şəhidlərimizin xatirəsinin daima əziz tutulacağını, onların həyat yolunun gələcək nəsillərə örnək olduğunu bildirib.