A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Mühəndislik fakültəsi, UNEC Tələbə Həmkarlar İttifaqlı Komitəsi ilə birlikdə şəhid məzunumuz Bəhruz Məmmədovun anım günü ilə əlaqədar Yevlax rayonunun Xaldan kəndinə gedərək onun məzarını ziyarət ediblər.

UNEC-in Mühəndislik fakültəsinin dekan müavini dosent İlham Seydəliyev, Mühəndislik və tətbiqi elmlər kafedrasının dosenti Elsevər Fərzəliyev, fakültənin THİK nümayəndəsi Nicat Rəhimov, eləcə də Bəhruz Məmmədovun himayədarı, bibisi  Rəhilə Məmmədova, doğmaları, kənd sakinləri şəhidin xatirəsini ehtiramla yad ediblər.

Şəhidin məzarı başında dosent İlham Seydəliyev çıxış edərək, qalib bir ölkənin vətəndaşları kimi qürurla Zəfər gününün qeyd edilməsində Bəhruz kimi şəhidlərə, qazilərə borclu olduğumuzu bildirib və  Ali Baş Komandanımız İlham Əliyevin zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində onların qanının yerdə qalmadığını vurğulayıb. Şəhidin qrup yoldaşları anım mərasimində Bəhruz haqqında xatirələrini bölüşüblər. Sonra UNEC kollektivi Bəhruz Məmmədovun evində təşkil olunan anım mərasimində də iştirak ediblər, Bəhruzun bibisi Rəhilə Məmmədova ilə, əmisi Azər Məmmədovla şəhid haqqında xatirələrini bölüşüblər. Rəhilə Məmmədova onun üçün övlad kimi əziz olan Bəhruzun  universitet tərəfindən həmişə xatırlandığı üçün UNEC rəhbərliyinə minnətdarlığını bildirib.

Bəhruz Məmmədov 2020-ci ilin sentyabrın 28-də Yevlax rayon hərbi komissarlığından qismən səfərbərliklə çağırılıb, 5 oktyabrda isə döyüş bölgəsinə yollanıb. Füzuli, Xocavənd, Hadrut və Qubadlıda gedən döyüşlərdə iştirak edib. 5 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlər zamanı Daşaltı kəndində şəhid olub. Bəhruz Məmmədov Yevlax rayonunun Xaldan kəndində dəfn olunub.  “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə ölümündən sonra təltif edilib.

TOP XƏBƏRLƏR