Dekabrın 5-də Qarabağın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunu Ülvi Hacıyevin anım günü olub.
İkinci Fəxri xiyabanda keçirilən anım mərasimində şəhidin ailə üzvləri ilə yanaşı, UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəal üzvləri, şəhidin dostları, hərbçi yoldaşları və qazilər iştirak ediblər.
Anım mərasimində çıxış edənlər şəhidin həyatından, keçdiyi döyüş yolundan, göstərdiyi şücaətdən danışıblar. Bildirilib ki, şəhid Ülvi Hacıyev Vətən müharibəsi zamanı Cəbrayılın, Xocavəndin Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, oktyabrın 19-da Füzuli döyüşləri zamanı şəhid olub.
Sonda UNEC kollektivi şəhidin əziz xatirəsini ehtiramla yad edərək, məzarı önünə əklil və gül dəstələri düzüblər.