İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Yay Təcrübə Proqramı ilə bağlı UNEC tələbələri ilə görüşüb.
Tədbirdə UNEC-in Rəqəmsallaşma üzrə prorektoru dosent Raqif Qasımov ölkənin dayanıqlı inkişafında verginin rolundan, son illərdə vergi sahəsində idarəetmənin və şəffaflığın artırılması istiqamətində həyata keçirilən dövlət tədbirlərindən danışıb.
Sonra Dövlət Vergi Xidmətinin əməkdaşları Elməddin Süleymanov, Xumar İsmayılova, Leyla Babayeva Yay Təcrübə Proqramının üstünlükləri, proqramda iştirak etmək üçün namizədlərə qoyulan tələblər, seçim mərhələləri barədə ətraflı məlumat veriblər. Bildirilib ki, Yay Təcrübə Proqramı 2 hissədən ibarət olmaqla iyulun 1-dən sentyabrın 2-dək davam edəcək. Təcrübə proqramı ərzində ilk olaraq tələbələr üçün Dövlət Vergi Xidmətinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində yay düşərgəsi təşkil ediləcək. Tələbələr 10 gün müddətində büdcə sistemi, vergilərin hesablanması və ödənilməsinin əsasları, vergi ödəyicilərinə göstərilən xidmətlər, dövlət vergi orqanlarına işə qəbul və xidmətkeçmə qaydaları mövzularda təlim və seminarlarda iştirak edəcəklər. Tələbələrin asudə vaxtının səmərəli keçirilməsi məqsədilə Şamaxı rayonunda yerləşən turistik məkanlara səfər, intellektual oyun və yarışlar təşkil ediləcək, həmçinin DVX-nin Tədris Mərkəzinin idman-sağlamlıq kompleksindən istifadə üçün şərait yaradılacaq. Yay düşərgəsinin davamında tələbələr Dövlət Vergi Xidmətinin Bakıda və regionlarda yerləşən struktur bölmələrində 6 həftəlik təcrübə keçəcəklər, sonda proqramı uğurla bitirən tələbələrə sertifikat veriləcək.
Vergi qanunvericiliyinin tədris şöbəsinin baş müəllimi Tural Abbasov Vergi qanunvericiliyi və Dövlət Vergi Xidməti haqqında ümumi məlumat verib, eləcə də işə qəbul şöbəsinin baş mütəxəssisi Xumar İsmayılova tələbələrə işə qəbul proseslərinin necə təşkil olunduğunu açıqlayıb. Layihələrlə iş və inkişaf bölməsinin rəhbəri Şəhla Səfərova Dövlət Vergi Xidməti nəzdində fəaliyyət göstərən Tədris Mərkəzi haqqında tələbələrə ümumi məlumat verib.
Tədbirdə yay təcrübə proqramı ilə bağlı videoçarx nümayiş olunub və tələbələrin sualları qonaqlar tərəfindən cavablandırılıb.