A

UNEC-in Qiyabi və əlavə təhsil mərkəzinin məzunu Seyfullah Əliyevin detektiv janrda yazdığı “Qətlə aparan yol” kitabının təqdimatı olub.

UNEC İnklüziv Təhsil Mərkəzinin təşkilatçılığı ilə ərsəyə gələn kitab təqdimatında Xalq yazıçısı Çingiz Abdullayev, Yazıçılar Birliyinin üzvü Süleyman Abdulla, şair-yazıçı professor Zahid Xəlil, Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli, paraolimpiyaçı Zinyət Vəliyeva, tanınmış yazıçı Samir İmanov və universitetin müəlim-tələbə heyəti iştirak edib.

Tədbirin moderatoru, İnklüziv Təhsil Mərkəzinin koordinatoru Sevinc Məhsimova gənc yazarın ilk əsərinin nəşri barədə məlumat verib. Kitabın rəyçilərinin ölkənin tanınmış yazıçıları Çingiz Abdullayev, Süleyman Abdulla, Zahid Xəlil olduğunu diqqətə çatdırıb.

Gənc yazarı təbrik edən rəyçilər detektiv janrının xüsusiyyətlərindən söz açıblar. Çıxış edənlər romanın süjet xəttinin detektiv janrına uyğunluğunu yüksək qiymətləndirərək, peşəkarlıqla qələmə alındığını bildiriblər və müəllifə yeni yaradıcılıq uğurları arzulayıblar.

Kitabın müəllifi, gənc yazar Seyfullah Əliyev kitabın təqdimatı üçün yaratdığı şəraitə görə universitet rəhbərliyinə, eləcə də təqdimatın iştirakçılarına təşəkkürünü bildirib. “Qətlə aparan yol” romanının ərsəyə gəlməsi barədə məlumat verən müəllif, romanın riyaziyyat müəlliminin qətlindən və hadisənin detektiv tərəfindən araşdırılmasından bəhs etdiyini diqqətə çatdırıb.

UNEC-in 3 saylı kitabxanasında təşkil olunan tədbir kitabın imzalanma mərasimi ilə davam edib.

TOP XƏBƏRLƏR