İsveçrəli tələbələrin UNEC-də intensiv təcrübə proqramı davam edir.
İsveçrənin Qərbi İsveçrə Tətbiqi Elmlər və İncəsənət Universitetinin tərkib hissəsi olan HES - SO Ali idarəetmə və iqtisadiyyat məktəbinin magistratura mərkəzinin direktorunun rəhbərliyi ilə UNEC-də təcrübədə olan isveçrəli tələbələrə proqramın ikinci günündə UNEC Beynəlxalq əməkdaşlıq departamenti əməkdaşı, gənc doktorant və siyasi tədqiqatçı Nərgiz Hacıyeva “Azərbaycanın Qarabağ bölgəsində İsveçrə yaşıl iqtisadiyyat modelinin tətbiqi: baxış və qiymətləndirmə” mövzusunda tədqiqat seminarı keçib. Qonaqların böyük marağına səbəb olan mövzu ilə bağlı müzakirələr aparılıb.
Sonra isveçrəli nümayəndə heyəti UNEC “SABAH” Mərkəzinin rəhbəri dosent Aida Quliyeva ilə görüşüblər. Görüşdə SABAH tələbələrinin mübadilə proqramlarında iştirakı üçün ingilis dilli proqramlarının tətbiqi, SABAH və HES-SO arasında əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsi, təcrübə mübadiləsinin təşkili barədə danışıqlar aparılıb.
Proqramın ikinci hissəsində Nobel Enejinin eksperti Azərbaycanda yaşıl enerji siyasəti haqqında məruzə keçib. İsveçrəli tələbələr Azərbaycanda yaşıl iqtisadiyyat modelinin inkişafı ilə bağlı maraqlı təkliflərlə çıxış ediblər.
Sonda isveçrəli qonaqlara UNEC-in korporativ hədiyyələri təqdim olunub.