UNEC-də “Bank işi” fənninin tədrisinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə aparılan monitorinqin nəticələri açıqlanıb.
“Maliyyə və maliyyə institutları” kafedrasının ilə Tədrisin təşkili və metodiki təminat mərkəzinin təşkil etdiyi tədbir Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivləri üzrə Strateji Yol Xəritəsi”nin icrasının təmin edilməsi məqsədilə təsdiqlənən UNEC-in Strateji Planı çərçivəsində təşkil olunub.
Tədbirdə UNEC-in professor-müəllim heyəti ilə yanaşı, Maliyyə Bazarlarına Nəzarət Palatasınin İnsan resursları və karyera inkişafı idarəsinin rəisi Anar Mirzəyev və Kapital Bankın nümayəndəsi Fidan Hüseynova da iştirak ediblər.
“Maliyyə və maliyyə institutları” kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Əvəz Ələkbərov Dövlət Bayrağı günü münasibəti ilə iştirakçıları təbrik edib. UNEC-də tədrisin keyfiyyətinin yüksəldilməsi və beynəlxalq standartlara uyğunlaşdırılmasında tədris proqramlarının xüsusi əhəmiyyət daşıdığını deyən Ə.Ələkbərov universitetdə bu istiqamətdə aparılan işlərdən söz açıb. O, UNEC-də tədris proqramlarının mütəmadi olaraq təkmilləşdirilərək, dünyanın qabaqcıl ali təhsil müəssisələrinin proqramlarına uyğunlaşdırıldığını bildirib.
Sonra kafedranın professoru Elnur Sadıqov “Bank işi” fənni üzrə tədris proqramının beynəlxalq standartlara uyğunlaşdırılmasının monitorinqinin nəticələrini açıqlayıb, fənnin tədrisini ABŞ, Avropa, MDB ölkələri üzrə müqayisəli təhlil edib.
Məruzə ətrafında UNEC Tədrisin təşkili və metodiki təminat mərkəzinin müdiri, dosent Eldar Azadov, Kapital Bankın və MBNP-nın nümayəndələri mövzu ilə bağlı fikirlərini bölüşüblər.