UNEC-də 2021/2022-ci tədris ilindən Universitet Daxili İki Diplom (UDİD) proqramına start verilib.
UDİD proqramının məqsədi bakalavrlara qəbul olunduğu ixtisasla yanaşı, ikinci ixtisas üzrə də bakalavr dərəcəsi vermək, tələbələri rəqabətədavamlı mütəxəssis kimi yetişdirmək, gələcəkdə əmək bazarında layiqli yer tutmaları və onun tələblərinə çevik uyğunlaşmaları üçün imkan yaratmaqdan ibarətdir.
UDİD Proqramı barədə ən çox verilən sualları və cavabları təqdim edirik.
- UDİD Proqramına nə vaxt qoşulmaq olar?
- UDİD Proqramına təhsilinin üçüncü semestrindən etibarən əyani və qiyabi təhsil alan bakalavrlar qoşula bilər.
- UDİD Proqramına digər tədris dilində qoşulmaq olarmı?
-Tələbənin xarici dil biliyini sübut edən sənədi olarsa və ya universitetdə keçiriləcək xarici dil imtahanından yüksək nəticə əldə edərsə UDİD proqramına özünün tədris dilindən fərqli dildə iştirak edə bilər.
- Digər ali təhsil müəssisəsində təhsil alan tələbə UDİD Proqramına qoşula bilərmi?
-UDİD Proqramının iştirakçısı UNEC tələbəsi olmalıdır.
- UDİD və MİNOR Proqramlarının hər ikisinə qoşulmaq olarmı?
-UDİD və MİNOR proqramlarının yalnız birinə qoşulmaq olar.
UDİD Proqramını hər hansı səbəbdən yarımçıq qoyan tələbə, şərtlər uyğun gələrsə ikinci təhsilini MİNOR Proqramı çərçivəsində davam edə bilər.
- UDİD Proqramı üzrə nə qədər ödəniş olunur?
-Ödəniş, tələbənin UDİD ixtisası üzrə dinlədiyi fənlərin kredit sayına uyğun olaraq həmin ixtisas üzrə bir kredit üçün nəzərdə tutulmuş təhsil haqqına əsasən müəyyənləşdirilir. Proqram üzrə maksimum kredit sayı 60-dır.
- Proqramın ödənişi nə zaman həyata keçirilir?
-UDİD proqramının fənlərinin tədris olunduğu semestrin əvvəlində kredit sayına uyğun olaraq ödəniş edilir.
- UDİD proqramında ödənişsiz oxumaq üçün şərtlər hansılardır?
-UNEC-ə 700 bal toplayaraq qəbul olan və ÜOMG-si 91dən yuxarı olan tələbələr tam ödənişsiz, UNEC-ə 600 və daha yüksək bal toplayaraq qəbul olan və ÜOMG-si 91dən yuxarı olan tələbələr 50% güzəştlə təhsil ala bilərlər.
- UDİD Proqramı ixtisası üzrə də ikinci təqaüd müsabiqəsində iştirak etmək olarmı?
-Tələbə yalnız birinci ixtisası üzrə təqaüd müsabiqəsində iştirak edə bilər.
- UDİD Proqramından yaranan akademik borclar üzrə təkrar imtahan vermək olar?
-UDİD Proqramı üzrə akademik borcu yaranan tələbə Yay semestrinə və təkrar imtahanlara qeydiyyatdan keçə bilər.
- UDİD Proqramına qoşulduqdan sonra birinci ixtisas üzrə təhsili dayandırıb, UDİD ixtisas üzrə davam etmək olarmı?
-Tələbəyə UDİD Proqramı üzrə diplom yalnız birinci ixtisasdan məzun olmaq şərti ilə verilir.
- UDİD Proqramına qoşulduqdan sonra hər hansı səbəbdən çıxmaq olarmı?
-Tələbə öz arzusu ilə UDİD Proqramından kənarlaşa bilər və kənarlaşan tələbə yenidən Proqrama bərpa olunmur.
- UDİD Proqramında iştirak müddəti nə qədərdir?
-Tələbə birinci ixtisas proqramından məzun olana qədər UDİD Proqramının iştirakçısı ola bilər.
- UDİD ixtisası diplomu üzrə magistratura səviyyəsində təhsilimi davam edə bilərəmmi?
-UDİD ixtisası üzrə əldə edilən diplom müstəqil şəkildə magistratura təhsilini davam etdirməyə və həmin ixtisas üzrə peşə fəaliyyətini qurmağa imkan verir.