Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və ölkəmizdə IT sahəsinin praktiki inkişafına böyük önəm verən “IT BRAINS AKADEMİYA”sı arasında əməkdaşlığa dair Memorandumun imzalanma mərasimi keçirilib.
Tədbirdə UNEC-in Rəqəmsallaşma üzrə prorektoru dosent Raqif Qasımov, UNEC-in Karyera mərkəzinin əməkdaşları, akademiyanın təsisçisi Orxan Məmmədov və nümayəndə heyəti iştirak ediblər.
Prorektor Raqif Qasımov qonaqlara UNEC-də rəqəmsal islahatlar sahəsində görülən işlər, həyata keçirilən yeni layihələr barədə ətraflı məlumat verib. Bildirib ki, tələbələrin bu sahədə əmək bazarına çıxışını təmin etmək üçün universitet-sənaye işbirliyinin inkişaf etdirilməsi prioritet məsələlərdən biridir.
Akademiyanın rəhbəri Orxan Məmmədov UNEC ilə əməkdaşlığın ötən il keçirilən UNEC XIV Karyera Sərgisindən başladığını və həmin sərgidən sonra bir neçə UNEC məzununun işə götürüldüyünü, 10 tələbəyə ödənişsiz təcrübə keçirildiyi barədə məlumat verdi və bu əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib. Orxan Məmmədov imzalanacaq memorandumun müvafiq sahələrdə yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi üçün imkanlar yaradacağına əminliyini bildirib.
Çıxışlardan sonra UNEC ilə IT BRAINS arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Memoranduma əsasən, tərəflər tələbələrin bilik və bacarıqlarının davamlı inkişafının təmin edilməsi ilə bağlı layihələrin birgə icrası, xüsusilə də, özəl sektorun inkişafına dair dövlət proqramları və milli fəaliyyət planlarında yer almış qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlıq edəcək.