UNEC rektoru professor Ədalət Muradov abituriyentlər və onların valideynləri ilə görüşüb.
Valideynlər və abituriyentləri UNEC-də görməkdən məmnunluğunu ifadə edən rektor onlara UNEC-in strateji hədəfləri barədə məlumat verib. Bildirib ki, yüksək bal toplayaraq UNEC-ə qəbul olan abituriyentlərin sayının artırılması əsas hədəflərdən biridir. Rektor 2014-cü ildə birinci kurs üzrə UNEC-də dövlət sifarişli yerlərinin sayının 30 faiz olduğunu, 2022-ci ildə isə artaraq, 79 faizə yüksəldiyini diqqətə çatdırıb.
QS beynəlxalq reytinqində UNEC-in Azərbaycan birincisi olduğunu xüsusi vurğulayan Ədalət Muradov, 2030-cu ilədək UNEC-in dünyanın 500 ən yaxşı universiteti sırasında yer almağı hədəflədiyini qeyd edib.
Rektor UNEC-də tətbiq olunan yeniliklərdən bəhs edib. Elektron universitet modeli, hibrid auditoriyalar, dünyanın aparıcı universitetləri ilə ikili diplom və mübadilə proqramları, UDİD, xüsusi təqaüd və TOP 15 təqaüdü, elmi məqaləyə görə müəllimlərlə yanaşı, tələbələrə də 4500 manatadək qonorarın verilməsi, startap hərəkatı, tələbə təşkilatları və s. barədə ətraflı məlumat verib. Həmçinin valideyn və abituriyentləri maraqlandıran sualları cavablandırıb.
Görüşdən sonra UNEC-də infotur təşkil olunub. Qonaqlar UNEC-in şəhid olan tələbə məzunlarının xatirəsinə ucaldılan Memorial Abidə Kompleksini ziyarət ediblər. Bloomberg laboratoriyası, imtahan və oxu zalları, Ekstern Mərkəzi, 24/7 kitabxana ilə tanış olublar.
Valideynlər və onların övladları UNEC-dən xoş təəssüratlarla ayrılıblar.