YAP Səbail rayon təşkilatının İstiqlaliyyət 6 ünvanında yerləşən ərazi partiya təşkilatı və UNEC-in Heydər Əliyev İqtisadi İrsinin Öyrənilməsi Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevə həsr olunan növbəti tədbir keçirilib.
Tədbirin açılışında Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
“İstiqlaliyyət 6” ünvanı üzrə ərazi partiya təşkilatının sədri, inzibati və təşkilati məsələlər üzrə prorektor dosent Şaiq Əsgərov tədbirin açılışında çıxış edərək, Ulu Öndərin zəngin irsinin öyrənilməsi və təbliği məqsədilə UNEC-də mütəmadi olaraq, müxtəlif mövzulara həsr olunan tədbirlərin keçirildiyini bildirib. Bu dəfəki tədbirdə Ulu Öndər Heydər Əliyevin ölkənin sosial-iqtisadi inkişafındakı əvəzsiz xidmətlərindən bəhs edən məruzələrin təqdim olunacağını diqqətə çatdırıb.
Sonra UNEC nəzdində İqtisad Araşdırmalar Elmi Tədqiqat İnstitutunun şöbə müdiri Rəşad Hüseynov “İqtisadi və sosial inkişafın inteqrativ vəhdətinin Heydər Əliyev modeli”, institutun böyük elmi işçisi, dos. Elman İbişov isə “Heydər Əliyev və Azərbaycanda sənayeləşmə” mövzularında çıxış ediblər.