Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” sərəncamda deyilir: “Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir”.
Müasir Azərbaycanın təntənəsini, uğurlu iqtisadi inkişafını təmin edən əsas amillərdən biri də məhz təhsildir. Ulu öndər təhsilin əhəmiyyəti haqqında özü belə deyirdi: “Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. O, milli məqsədlər, milli mənafelər əsasında qurulmalıdır. ...Cəmiyyət təhsilsiz inkişaf edə bilməz".
Ali təhsilin məqsədləri
Təhsilin məqsədləri haqqında Ulu Öndərin fikirləri bu gün də olduqca aktualdır. Dahi şəxsiyyət deyirdi: “İndi bizim təhsilimizin məqsədi gənc nəslə təhsil verib onları gələcəyə hazırlamaqdır. Amma bununla yanaşı, ən böyük məqsədi Azərbaycan vətəndaşını hazırlamaqdır, müstəqil Azərbaycanın cəmiyyətinin ləyaqətli üzvünü hazırlamaqdır. Hər bir insan gərək eyni zamanda vətəndaş olsun. Mütləq vətəndaş olsun! Gərək dövlətinə sadiq, ənənələrinə sadiq, xalqına sadiq vətəndaş olsun”. Başqa sözlə, ali təhsilin əsas məqsədi əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlamaqdan daha çox vətəndaş hazırlamaqdır. Yəni əmək bazarının tələbi, xüsusilə özəl sektorun üstünlük təşkil etdiyi iqtisadiyyatda dövlətinə sadiq, ənənələrinə sadiq, xalqına sadiq vətəndaşlar deyil, daha çox mənfəət əldə etməklə bağlıdır.
Ali təhsilin milliliyi və əlçatanlığı
1993-cü ildə Ulu öndər Heydər Əliyev təhsil siyasətinin prioritet sahə olduğunu bəyan etdi. 1995-ci ildə qəbul edilən Konstitusiyanın 42-ci maddəsində vətəndaşların təhsil hüququ təsbit edildi. Bununla da, təhsil sahəsində həyata keçiriləcək islahatların hüquqi əsası yaradıldı. Hər bir vətəndaşın təhsil hüququ ilə yanaşı, Ulu Öndər həm də təhsilin milliliyi amilini önə çəkirdi. Hələ 1969-cu ildə BDU-nun 50 illik yubileyində Azərbaycan dilində geniş nitqlə çıxışı və 1978-ci ildə Azərbaycan SSR-in yeni Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi daxil edilməsi milli təhsildə milli ədəbiyyatımızın, ana dilimizin, tariximizin və mədəniyyətimizin tədqiqinin, öyrənilməsinin vacibliyinə bir çağırış idi.
Sovet İttifaqının qüdrətinin təntənəsini yaşadığı, milli-mənəvi dəyərlərin beynəlmillələşməyə qurban verildiyi bir dövrdə Heydər Əliyev milli kimliyin qorunması, ana dilində təhsilin inkişafına böyük sərmayə yatırdı. Dünya klassiklərinin və elmi ədəbiyyatın Azərbaycan dilinə tərcüməsi, Azərbaycan dilində günün tələblərinə uyğun bədii və elmi əsərlərin nəşri Konstitusiyaya əlavə edilmiş bu mühüm bəndin nəticələri idi. "Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı biri-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, həm də azərbaycançılıq məsələsidir", - deyən Heydər Əliyev bir daha ana dilində təhsilin əhəmiyyətini vurğulayır.
Milli təhsil sisteminin XXI əsrin çağırışlarına uyğun yenidən qurulması II dəfə hakimiyyətə gələndə də onun diqqət mərkəzində idi. Heydər Əliyev 1999-cu ilin 15 iyununda "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı"nı təsdiq etdi. Bundan bir il sonra, yəni 13 iyun 2000-ci ildə “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” fərmanla tarixi, siyasi və milli əhəmiyyət kəsb edən latın əlifbasına keçidin təmin edilməsi həm təhsilin milliliyinin artırılması, həm müstəqilliyin möhkəmlənməsi, həm də türkdilli dövlətlərin gələcək birliyi istiqamətində həyata keçirilmiş uğurlu və cəsarətli bir addım idi.
Ali təhsilin strukturunun optimallaşdırılması və Avropa təhsil sisteminə inteqrasiya
Heydər Əliyev Azərbaycanda vətəndaşların təhsil hüququnu tam təmin etmək, milli təhsil konsepsiyasının müddəalarını gerçəkləşdirmək, təhsil sistemində aparılan islahatları sürətləndirmək, idarəetmə mexanizmini təkmilləşdirmək, təhsildə maddi-texniki və kadr potensialından istifadənin səmərəliliyini artırmaq məqsədi ilə mümkün olanı edirdi. Ali təhsil müəssisələri şəbəkəsi optimallaşdırıldı, onlara universitet statusu verildi.
1970-1980-ci illərdə Azərbaycanda yeni texnologiyalara əsaslanan istehsal sahələrinin yaradılması həm də həmin sahələr üzrə ali və orta ixtisas təhsili müəssisələrinin, elmi-tədqiqat institutlarının yaradılmasına imkan verirdi. 1970-82-ci illərdə Azərbaycanda 5 yeni ali məktəb yaradılmış, ali təhsil müəssisələrin sayı 21-ə çatmışdı. Ali məktəblərdə təhsilalanların sayı isə 70 mindən 100 minə yüksəlmişdi.
Azərbaycanın milli təhsil sisteminin Avropa təhsil sisteminə inteqrasiyasının vacibliyi də yaddan çıxmırdı. 1996-cı ildə Ulu öndərin təşəbbüsü ilə “Avropa regionu dövlətlərində tədris kurslarının, ali təhsil haqqında diplomların və elmi dərəcələrin tanınması barədə Konvensiyaya qoşulmaq haqqında”, həmçinin 1997-ci ildə “Avropa regionunda ali təhsil sahəsində ixtisasların (kvalifikasiyaların) tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” qanunlar qəbul edildi. Bu, Azərbaycan milli təhsil sisteminin tarixi ənənələrə və əldə olunmuş nailiyyətlərə əsaslanaraq tədricən Avropa təhsil məkanına inteqrasiyasına hazırlıq idi.
Gələcəkdə müstəqil Azərbaycan üçün milli mütəxəssislərin hazırlanması
XX əsrin 70-80-ci illərində dövrün sərt siyasi-ideoloji tələblərinə baxmayaraq, 1970-ci ildən başlayaraq, azərbaycanlı gənclərin keçmiş Sovetlər İttifaqının ən nüfuzlu universitetlərinə oxumağa göndərilməsi təmin edildi. 70-ci illərin sonunda ildə 800-900 nəfər və 80-ci illərin əvvəlində ildə 1000-1400 nəfərə yaxın gəncimiz respublikamızdan kənardakı ali məktəblərdə təhsil alırdılar.
O, bütövlükdə, Azərbaycandan kənarda, keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox nüfuzlu ali məktəbində 15 mindən artıq azərbaycanlı gəncin təhsil almasını təmin etmişdir. Həmin gənclər isə ölkəmizin 80-dən çox sahə, 250-dən çox ixtisas üzrə yüksəkixtisaslı kadrlara olan tələbini ödəmişdir.
Ulu öndərin milli mütəxəssislərin hazırlanması, gənclərin ölkə üçün zəruri olan ixtisaslar üzrə xaricdə təhsil almaları istiqamətində həyata keçirdiyi islahatlar bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Belə ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 4000 nəfərə yaxın azərbaycanlı gənc dünyanın 32 ölkəsinin 379 aparıcı universitetində təhsil almaq hüququnu qazandı. Hazırda isə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” uğurla icra olunmaqdadır.
Ümummilli lider Heydər Əliyev milli iqtisadçı kadrların yetişdirilməsi məsələsinə də xüsusi önəm verirdi. Onun iqtisadiyyatın müxtəlif sahələri üzrə milli kadrların hazırlanması istiqamətində hələ sovet dönəmindən başlayaraq atdığı misilsiz addımlar ölkənin inkişafına xidmət edəcək güclü milli kadr potensialını formalaşdırmışdır. Heydər Əliyevin bu istiqamətdə gördüyü işlər arasında ölkədə iqtisad elmi və təhsilinin inkişafı və milli iqtisadiyyatın müasir iqtisadçı kadrlarla təminatı hər zaman prioritetliyi ilə seçilmişdir. O, bazar iqtisadiyyatına keçidin digər ictimai elmlərdə olduğu kimi, iqtisad elmində də köklü dəyişikliklər tələb etdiyini görürdü. Ulu Öndər bununla bağlı 2002-ci il iyunun 13-də Azərbaycan Dövlət İqtisad Universitetinin 70 illik yubileyindəki çıxışında deyirdi: “İctimai elmlər çox dəyişir və dəyişməlidir, mütləq dəyişməlidir. Bunlar hamısı indi bizim müstəqilliyimizin inkişafına xidmət etməlidir. Bizim milli müstəqilliyimizi əks etdirməlidir. Elmdə, təhsildə, kadrların hazırlanmasında bu dəyişikliklər gərək yeni Azərbaycanın yaranmasına xidmət etsin. O cümlədən də iqtisad elmi”.
Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və milləti qarşısında təhsil sahəsində əvəzsiz xidmətlərindən biri də milli hərbi kadrların yetişdirilməsilə bağlı gördüyü işlərdir. Artıq sirr deyil ki, həm çar Rusiyasında, həm də SSRİ-də azərbaycanlıların peşəkar hərbiçilər kimi yetişməsinə, hərb sənətinə yiyələnməsinə imkan verilməmişdir. Yalnız Heydər Əliyevin birbaşa rəhbərliyi ilə 1972-ci ildən etibarən hər il yüzlərlə gənc keçmiş SSRİ-nin böyük təcrübəyə malik ali hərbi məktəblərinə təhsil almağa göndərilmişdir. Eləcə də, Ulu Öndər uzaqgörənliklə xüsusi əhəmiyyətini nəzərə alaraq, Bakıda C. Naxçıvanski adına Hərbi Məktəbi yaratmış, bununla da hərbi təhsilin əsasını qoymuş və sonrakı inkişafına nail olmuşdur. Məhz bu hərbi məktəblərdə təhsil alan və ya hərbi təhsil almağa göndərilən zabitlər sonradan müstəqil Azərbaycanın Milli Ordu quruculuğu işlərində və Ermənistanın təcavüzünə qarşı mübarizədə yaxından iştirak etmişlər.
Müəllim peşəsinə diqqət və qayğı
Ulu öndər Heydər Əliyev hər zaman müəllim peşəsinə böyük dəyər vermişdir. O, deyirdi: "Müəllim adı ən yüksək addır. Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”.
Ulu öndər 1998-ci ildə Azərbaycan müəllimlərinin XI Qurultayında bu barədə danışaraq deyirdi: “Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda, qəhrəmanlıq göstərən insanlardır. Müəllimlik peşəsi asan peşə deyil. Bəziləri hesab edirlər ki, hər adam müəllim ola bilər. Bəzən olur ki, müəllimliyə layiq olmayan adam da müəllimlik edir. Belə hallar bu gün də var, gələcəkdə də ola bilər. Ancaq Azərbaycan müəllimlərinin tam əksəriyyəti layiqli müəllimdir. Əgər bunlar belə olmasaydı, Azərbaycanın bugünkü elmi, iqtisadiyyatı, mədəniyyəti, yüksəlişi ola bilərdimi? Biz bunların hamısını məktəblərdən, universitetlərdən, müəllimlərdən, sizdən almışıq”.
Müəllimlərə verilən yüksək qiymətlə yanaşı, Ümummilli lider Heydər Əliyev həm də, onların özlərinin də vətənpərvər, dövlətə və millətə sadiq olmalarının vacibliyini xüsusi vurğulayırdı. O, deyirdi: “Biz keçmişlərdən fərqli olaraq, indi müstəqil Azərbaycanın gələcəyini formalaşdırırıq, müstəqil Azərbaycanın vətəndaşlarını formalaşdırırq və universitetdə formalaşan gənc, Azərbaycanın gələcək fəal vətəndaşı gərək, birincisi, mənəviyyatca saf olsun. Ona görə də gərək mənəvi saflıq ali məktəblərdə, orta məktəblərdə hökm sürsün. Gərək o, vətənpərvərlik hissi yaşasın, vətənpərvərlik hissi ilə tərbiyə olunsun. Ona görə də gərək onun müəllimləri, tərbiyəçiləri özləri vətənpərvər olsunlar, vətənpərvərliyi gənclərə aşılaya bilsinlər”.
Etiraf etməliyik ki, Azərbaycan təhsili qarşısında duran bu vəzifəni uğurla icra edir. Vətənpərvərlik ruhunda tərbiyə edilən, formalaşan Azərbaycan gəncləri Müzəffər Ali Baş Komandan
İlham Əliyevin komandanlığı altında igid əsgər və zabit kimi öz müəllimləri ilə birlikdə qəhrəmanlıqla döyüşərək, 44 günlük Vətən müharibəsində ərazilərimizi erməni işğalçılarından azad etdilər, Azərbaycanın Zəfər tarixini yazdılar. Bəli, bu, həm də Azərbaycan təhsilinin ən böyük uğurlarından biridir.
Tələbələrin keyfiyyətli təhsilə motivasiya edilməsi
Azərbaycan Respublikasında təhsil sahəsində yüksək nəticələr əldə etmək və onların təhsilə olan həvəslərini artırmağın əhəmiyyəti də Ulu Öndərin diqqətindən yayınmırdı. Bu baxımdan Azərbaycan Respublikasının ali məktəblərinə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş 102 nəfər tələbə üçün Prezident təqaüdünün təsis edilməsi, həmin tələbələrlə görüşləri Ulu Öndərin gənclərin ali təhsil almalarına böyük dəstəyinin təzahürü idi. Heydər Əliyev həmin gəncləri Azərbaycanın işıqlı gələcəyi kimi görürdü: “İndi Azərbaycanın ali məktəblərində təhsil alan gənclər, siz ölkəmizin gələcəyisiniz. Özü də yaxın gələcəyi yox, uzaq gələcəyisiniz. Azərbaycan gələcəkdə sizin kimi gənclərdən formalaşmış insanların çiyinlərində yaşayacaqdır, inkişaf edəcəkdir. Mən sizə və bütün gənclərə, bütün tələbələrə Azərbaycanın gələcəyi ilə əlaqədar böyük ümidlərlə baxıram”.
Heydər Əliyevin təhsil siyasətinin uğurlu davamı
Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi və iqtisadi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, eləcə də Azərbaycan Respublikasının I vitse-prezidenti Mehriban xanım Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirilir. Azərbaycan təhsilinin inkişaf tarixinin təhlili göstərir ki, Ümummilli lider Heydər Əliyevin bütün islahat təşəbbüsləri İlham Əliyev tərəfindən yeni müstəvidə və beynəlxalq təcrübə əsasında davamlı olaraq inkişaf etdirilmiş və ölkəmizin tərəqqisinə böyük töhfələr vermişdir. Prezident İlham Əliyevin yeni dövrün yeni təhsil sisteminin, eyni zamanda insan kapitalının yaradılması konsepsiyasını irəli sürməsi ali təhsilin uğurlu gələcəyinə ən böyük zəmanətdir.
Ədalət Muradov,
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor
Məqalə (pdf) - "Xalq qəzeti", 09.05.2024