YAP Səbail rayon təşkilatının İstiqlaliyyət 6 ünvanında yerləşən ərazi partiya təşkilatı və UNEC-in Heydər Əliyev İqtisadi İrsinin Öyrənilməsi Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevə həsr olunan tədbir keçirilib.
Tədbirin açılışında Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
“İstiqlaliyyət 6” ünvanı üzrə ərazi partiya təşkilatının sədri, inzibati və təşkilati məsələlər üzrə prorektor dosent Şaiq Əsgərov tədbirin açılışında çıxış edərək, Azərbaycanda hüquqi dövlət quruculuğu və sosial-iqtisadi, ictimai-siyasi, mədəni, eləcə də digər sahələrdə qazanılan uğurların əsasında məhz dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin dayandığını bildirib. O, Ümummilli Liderin cəmiyyətin hərtərəfli inkişafı, hüququn aliliyi və demokratiyanın əsas prinsiplərinin rəhbər tutulduğu idarəetmə mexanizmlərinin qurulması, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması, iqtisadi münasibətlərdə etibarlı tərəfdaş, güvənilən ölkə statusu qazanmasında əvəzsiz xidmətlərindən də söz açıb.
Sonra Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, UNEC-in “İqtisadiyyat” kafedrasının dosenti Sadiq Qurbanov “Heydər Əliyev və müstəqil Azərbaycanda dövlət quruculuğunun siyasi və hüquqi aspektləri”, Qiyabi və Əlavə Təhsil Mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev isə “Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu: - müstəqilliyin ilk illərində reallaşdırılan iqtisadi islahatların təhlil və nəticələri” adlı mövzularda təqdimatlarla çıxış ediblər.