YAP Səbail rayon təşkilatının İstiqlaliyyət 6 ünvanında yerləşən ərazi partiya təşkilatı və UNEC-in Heydər Əliyev İqtisadi İrsinin Öyrənilməsi Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanın bərpa olunmuş müstəqilliyinin qorunması missiyası” mövzusunda elmi-praktik tədbir keçirilib.
Tədbirin açılış mərasimində Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi ehtiramla yad edilib.
“İstiqlaliyyət 6” ünvanı üzrə ərazi partiya təşkilatının sədri, inzibati və təşkilati məsələlər üzrə prorektor, dosent Şaiq Əsgərov tədbirin açılışında çıxış edərək, Azərbaycanın XX əsrdə iki dəfə müstəqillik əldə etdiyini diqqətə çatdırıb. O, ölkənin qarşılaşdığı siyasi xaos, iqtisadi geriləmə, separatçılıq və xarici təzyiqlər fonunda dövlətin varlığının qorunması, müstəqilliyin sabit və dayanıqlı şəkildə möhkəmləndirilməsinin məhz Heydər Əliyevin qətiyyətli rəhbərliyi sayəsində mümkün olduğunu deyib.
Ş.Əsgərov həmçinin qeyd edib ki, bu günkü müstəqil Azərbaycan dövlətinin əldə etdiyi bütün nailiyyətlərin təməlində məhz Heydər Əliyevin müəyyən etdiyi inkişaf modeli dayanır. O, bildirib ki, Prezident İlham Əliyev Ümummilli liderin strategiyasını uğurla davam etdirərək Azərbaycanın müasir çağırışlara cavab verən, dayanıqlı və nüfuzlu bir dövlətə çevrilməsini təmin edib.
Milli Məclisin deputatı Məzahir Əfəndiyev isə Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsindəki tarixi rolundan bəhs edib. Qeyd edib ki, Heydər Əliyev yalnız siyasi lider kimi deyil, eyni zamanda strateji düşüncə sahibi bir dövlət qurucusu kimi tarixə düşüb: “Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan beynəlxalq arenada tanındı, neft strategiyası formalaşdı və ölkə iqtisadi cəhətdən dirçəlməyə başladı”- deyə millət vəkili bildirib.
Sonra “İqtisadi və texnoloji elmlər” kafedrasının professoru Ümüdvar Əliyev “Zəfərə aparan yol: Müstəqilliyin bərpası və Heydər Əliyev”, kafedranın dosenti Asiman Quluyev “Müstəqilliyin bərpası və Heydər Əliyev” adlı mövzularda təqdimatlarla çıxış ediblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevə və ölkənin ərazi bütövlüyünün bərpasına həsr olunmuş videoçarxlar nümayiş olunub.