Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Marsol Group-un birgə təşkilatçılığı, “Kapital Bank”ın rəsmi tərəfdaşlığı ilə Yerli Şirkətlərin VII Tanıtım Sərgisinin açılışı olub.
“Bakı Ekspo Mərkəzi”ndə keçirilən sərgidə təhsil, informasiya-kommunikasiya texnologiyaları, inşaat, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələr üzrə fəaliyyət göstərən 300-dən çox yerli şirkət öz məhsul və xidmətlərini nümayiş etdirir.
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) də builki sərgidə öz stendi ilə təmsil olunur.
UNEC stendində universitetin təhsil və karyera imkanları, beynəlxalq reytinqlərdə əldə etdiyi uğurlar, beynəlxalq əməkdaşlıq və ikili diplom proqramları, Kitabxana İnformasiya Mərkəzinin zəngin resursları, Ömürboyu Təhsil Mərkəzinin təqdim etdiyi təlim proqramları, eləcə də tələbələr üçün yaradılan innovativ və inkişafyönümlü imkanlar barədə ziyarətçilərə ətraflı məlumat verilir.
Sərginin əsas məqsədi yerli şirkətlərin fəaliyyətini geniş ictimaiyyətə tanıtmaq, onlar üçün yeni əməkdaşlıq və biznes imkanları yaratmaq, həmçinin şirkətlər arasında qarşılıqlı faydalı əlaqələrin inkişafına dəstək olmaqdır.
Sərgi iyunun 20-dək davam edəcək və ziyarətçilər üçün giriş ödənişsizdir.