UNEC-in rektoru, professor Ədalət Muradov 2017/18-ci tədris ilinin yay imtahan sessiyasının başlanması münasibətilə Facebook sosial şəbəkəsi vasitəsilə tələbə və valideynlərə müraciət edib.
Rektorun müraciətini təqdim edirik:
Əziz tələbələr,
Sağlam rəqabət mühitində böyük həvəs və zəhmət sayəsində uğurlar qazandığınız növbəti tədris ilinin sonuna çatdınız. Qarşıdan gələn yaz imtahan sessiyası əldə etdiyiniz bilik və bacarıqların qiymətləndirilməsi üçün mühüm dövr olacaqdır. Savadınıza arxalanıb öz potensialınıza güvənməklə yüksək nəticələr əldə edəcəyinizə inamımız sonsuzdur. Hər birinizə bu bilik mübarizəsində uğurlar arzulayıram!
Sessiya nəticələrin qiymətləndirilməsi baxımından da əhəmiyyətlidir. Obyektivlik və şəffaflıq hər zaman olduğu kimi bizim dəyişilməz mövqeyimizdir və bu prinsip daim qorunacaqdır.
Hörmətli valideynlər,
Üzərlərində əvəzsiz zəhmətiniz olan övladlarınıza dəstək olmaq üçün hər birinizi ictimaiyyətə açıq imtahan prosesini izləməyə dəvət edirəm. Sizi universitetimizdə görməkdən böyük qürur hissi duyarıq.
Ənənəmizə sadiq qalaraq, bu imtahan sessiyası müddətində də tələbə, valideyn və ictimaiyyət nümayəndələrinin müraciətlərini dinləmək üçün hər həftənin şənbə günü saat 10:00-dan başlayaraq universitetimizdə “Açıq qapı” təşkil ediləcəkdir.
KİV və qeyri-hökümət təşkilatlarının nünayəndələri həm imtahan sessiyasını yaxından izləmək üçün, həm də “Açıq qapı” günlərində iştirak etmək üçün UNEC-ə təşrif buyura bilərlər. Təhlilləriniz və rəyləriniz bizim üçün xüsusi əhəmiyyətə malikdir.
Hər hansı sual və təklifə görə universitetin 146-1-3 Qaynar xətti, imtahan prosesi barədə mərkəzləşmiş Apellyasiya Komissiyası və hər tədris binasında fəaliyyət göstərən Qərargahlar yenə də xidmətinizdə olacaq. Müraciətlərinizi həmçinin “UNEC İmtahan” facebook səhifəsinə də ünvanlaya bilərsiniz.
Əziz tələbələr!
Bir daha hər birinizə uğurlar arzulayır, ən xoş arzularımı çatdırıram!