Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ağsaqqalar Şurasının iclası keçirilib.
Ağsaqqallar Şurasının sədri, “İstehlak mallarının ekspertizası” kafedrasının müdiri, professor Əli Həsənov son 5 ildə UNEC-də görülən işlər barədə məlumat verib. Universitetin dünyanın aparıcı ali təhsil müəssisələri arasında gündən-günə yüksələn mövqeyini qürurla izlədiyini bildirən Ə.Həsənov, bu ali təhsil müəssisəsinin innovativ tədris metodu ilə ölkədə çoxsaylı ilklərə imza atdığını vurğulayıb. UNEC-də aparılan mütərəqqi islahatlara dəstək olmaq üçün Ağsaqqallar Şurasının da üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edən şura sədri, bu istiqamətdə fakültə və kafedralarda maarifləndirici görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb.
Ağsaqqallar Şurasının üzvü, professor Hidayət Cəfərov universitetin tarixinə qısa nəzər salıb O, son 5 ildə universitetdə təhsilin keyfiyyətinin artırılması, şəffaflıq və obyektivliyin təmin olunması istiqamətində tətbiq olunan yeniliklərdən söz açaraq, ictimai şüurdan “narxoz” adının silindiyini, uzun illərdən bəri çalışdığı bu ali məktəbin hazırda UNEC brendi ilə dünyanın qabaqcıl universitetləri ilə bir sırada dayandığını bildirdi: “Görülən işlərin nəticəsidir ki, UNEC-i seçən Prezident təqaüdçülərinin, ən yüksək bal toplayaraq UNEC-ə qəbul olan magistrlərin sayı ildən-ilə artır. Məzunlar universiteti həm UNEC, həm də Avropanın aparıcı universitetlərinin diplomu ilə bitirirlər”.
UNEC-in məsləhətçi professoru Maarifə Hacıyevə UNEC-də aparılan gəncləşmə prosesindən danışıb. Universitetdə qocaman professorlarla yanaşı, gənc mütəxəssislərə də ehtiyac olduğunu diqqətə çatdıran Maarifə xanım, dövlət proqramı ilə xaricdə təhsil alaraq ölkəyə qayıdan savadlı və bacarıqlı gənclərin böyük əksəriyyətinin UNEC-də işlə təmin olunmasını yüksək dəyərləndirib. O, gənclərlə mütəmadi olaraq görüşlərin keçirilməsi və təcrübə mübadiləsinin həm qocaman professorlara, həm də gənclərə faydalı olacağını bildirib.
Şura üzvü, “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının müdiri, professor Məhiş Əhmədov UNEC-də həyata keçirilən islahatların Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin tərkib hissəsi olduğunu diqqətə çatdırıb. Pedaqoji heyətin stimullaşdırılması məqsədilə tətbiq olunan Differensial əmək haqqı sisteminə toxunan professor, sistemin tətbiqindən sonra beynəlxalq elmi bazalara daxil olan məqalələrin sayının ötən illərlə müqayisədə 4 dəfədən çox artıdığı bildirib.
İclasda UNEC-in gündən-günə artan nüfuzuna, şəffaflıq və obyektivliyin təmin olunması istiqamətində görülən işlərə kölgə salmaq istəyən qüvvələr və onların təsiri altına düşən insanların da olduğu bildirilib. Universitetin rektoru, professor Ədalət Muradov, eləcə də UNEC rəhbərliyinə qarşı aparılan şər və böhtan dolu kampaniyanı pisləyən Ağsaqqallar Şurasının üzvləri həmin insanların əməllərindən təəssüfləndiklərini bildirərək, onları bu çirkin kampaniyadan əl çəkməyə çağırıblar. Qocaman alimlər universitetdə aparılan islahatları dəstəklədiklərini, UNEC-in İnkşaf strategiyasında müəyyən olunan məqsəd və hədəflərə çatmaq üçün bütün səylərini birləşdirəcəklərini bəyan ediblər.