Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Distant ali təhsil: Yeni imkanlar və müasir çağırışlar” mövzusunda UNEC Distant Ali Təhsil Beynəlxalq Forumu 2020 keçirilib.
Onlayn Beynəlxalq Forum xaricdə yaşayan azərbaycanlı alimlərlə birlikdə ölkə Prezidenti cənab İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışına qoşulmaq, eyni zamanda distant ali təhsil sahəsində qlobal müzakirələr keçirmək və yeni ali təhsil modelinə müvafiq töhfələr vermək məqsədilə təşkil olunub.
Moderatoru UNEC-in rektoru, professor Ədalət Muradov olan onlayn beynəlxalq forumda, Almaniyanın Münhen Texniki Universitetinin professoru Məsud Əfəndiyev, Türkiyənin İzmir Universitetinin professoru İsmixan Bayramoğlu, Kanadanın Vaterlo Universitetinin professoru İlham Axundov, Birləşmiş Krallığın Durham Universitetinin professoru Nigar Həşimzadə və ABŞ-ın Şimali Dakota Dövlət Universitetinin professoru Fariz Hüseynov iştirak ediblər.
Forumda açılış nitqi ilə çıxış edən rektor, professor Ədalət Muradov bildirib ki, koronavirus pandemiyasından sonra dünya təhsil sistemində köklü dəyişikliklər baş verdi və baş verən proseslərin fonunda distant təhsil özünü yeganə və alternativsiz təhsil kimi göstərdi. Rektor koronavirus pandemiyası dövründə distant təhsilin təkcə Azərbaycanda deyil, bütün dünyada təhsil sistemini iflasdan xilas etdiyini xüsusi vurğulayıb. Distant ali təhsilin təşkili haqqında müzakirələrin aparılmasının və vahid yanaşmanın formalaşmasının vacibliyini diqqətə çatdıran professor Ədalət Muradov, beynəlxalq forumda bu istiqamətində azərbaycanlı ziyalılarla ciddi müzakirələrin aparılacağını deyib.
Münhen Texniki Universitetinin professoru Məsud Əfəndiyev çıxışından öncə, Nobel mükafatçısı Əziz Sancarın forum ünvanladığı fikiləri səsləndirib. Distant ali təhsillə bağlı beynəlxalq forumun Azərbaycanda keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini deyən dünya şöhrətli alim “Fürsət və riskləri ilə distant ali təhsil: mühazirə, seminar və qiymətləndirmə” mövzusunda çıxış edib. Professor distant ali təhsildə tələbə biliyinin qiymətləndirilməsi ilə də bağlı dünya təcrübəsindən danışıb.
Distant ali təhsil modelində texnoloji infrastrukturun əhəmiyyətindən söz açan İzmir İqtisad Universitetinin professoru İsmixan Bayramoğlu dünyanı bürüyən pandemiyanın texnologiyaların tətbiqinin zəruriliyini önə çıxardığını bildirib. Professor pandemiya dövründə distant tədrisin tətbiqinin alternativsiz olduğunu deyərək, bu istiqamətdə müxtəlif texnoloji yanaşmaların mövcudluğunu qeyd edib və bununla bağlı Türkiyə təcrübəsini bölüşüb.
Vaterlo Universitetinin professoru İlham Axundov distant ali təhsilin üstünlüklərdən danışıb. Azərbaycanlı alim bu istiqamətdə mövcud problemləri və onların həlli yollarını açıqlayaraq, uğurlu distant təhsil modelinin Azərbaycanda tətbiqinin mümkünlüyünü bildirib.
Durham Universitetinin professoru Nigar Həşimzadə isə onlayn tədrisin tətbiqində Birləşmiş Krallıq Açıq Universitetinin təcrübəsini bölüşüb.
Şimali Dakota Dövlət Universitetinin professoru Fariz Hüseynov iqtisadçı kadr hazırlığında distant təhsilin yaratdığı imkanlardan və üstünlüklərdən söz açıb.
Forum müzakirələrlə davam edib. Onlayn forumu izləyənlərin distant təhsilin universitetlərin rəqabətqabiliyyətliliyinə təsiri, bu təhsil modelinin tələbə və müəllimlərin sosiallaşmasındakı rolu, distant imtahanların effektiv təşkili, tələbələrin davamiyyəti, davranışı və digər sualları alimlər tərəfindən cavablandırılıb.
Forumun sonunda rektor, professor Ədalət Muradov yekun nitqi ilə çıxış edib. Bildirib ki, distant ali təhsilin postkoronavirus mərhələsi müzakirə edilərək, beynəlxalq təcrübə əsasında zəruri qaydalar hazırlanmalıdır. Həmin qaydalar distant təhsildə tələbələrin qəbulundan məzun olmasına qədər bütün mərhələləri özündə ehtiva etməlidir. Rektor distant təhsilin ölkə ali təhsilinə verə biləcəyi üstünlüklərdən söz açıb, Azərbaycanda Distant Universitetin yaradılmasının əhəmiyyətini qeyd edib. Ə.Muradov xaricdə yaşayan azərbaycanlı alimlərin distant tədrisə cəlb olunaraq bu istiqamətdə böyük töhfələr verə biləcəklərini diqqətə çatdırıb, eləcə də dünya təhsil sistemində baş verən müsbət dəyişikliklərin ölkə təhsil sisteminə asanlıqla inteqrasiya olunacağını deyib.
Onlayn Beynəlxalq forum UNEC-in rəsmi Youtube kanalından və rəsmi Facebook səhifəsindən canlı yayımlanıb.
Forumun videoyazısını təqdim edirik: