UNEC-də 31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib.
UNEC-in professor-müəllim heyətinin iştirak etdiyi tədbirdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən inzibati və təşkilati məsələlər üzrə prorektor, dosent Şaiq Əsgərov ermənilərin tarix boyu azərbaycanlılara qarşı apardığı soyqırımı siyasəti və onun dəhşətli nəticələrindən söz açıb. Ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasətinin məqsədinin azərbaycanlıları qədim torpaqlarından sıxışdırıb çıxarmaq, həmin ərazilərdə erməni tarixçilərinin uydurduğu "Böyük Ermənistan" dövləti yaratmaq olduğunu deyən Ş.Əsgərov 1918-ci il 30-31 mart tarixlərində ermənilərin Azərbaycanda yüz minlərlə insanı xüsusi amansızlıqla qətlə yetirdiyini bildirib. O, ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanla ilk dəfə olaraq dövlət səviyyəsində bu qətliama siyasi qiymət verildiyini və bu sənədin xalqımızın milli şüurunda və özünüdərkində mühüm rol oynadığı diqqətə çatdırıb.
Sonra Humanitar fənlər kafedrasının müdiri, professor Vəkil Həsənov 31 mart soyqırımı hadisələrinin tarixi və faciənin ağır nəticələri barədə geniş məruzə ilə çıxış edib. O, soyqırımı siyasəti haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırılması, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olunması, onun ağır nəticələrinin aradan qaldırılması və bir daha belə halların təkrar olunmaması üçün milli birlik nümayiş etdirilməsinin önəmini vurğulayıb.
Tədbirdə çıxış edən professorlar Abbas Seyidbəyli və Hidayət Cəfərov soyqırımla bağlı fikilərini bölüşüblər. Azərbaycan dövlətinin gördüyü işlər nəticəsində bu gün artıq dünya dövlətləri və beynəlxalq təşkilatların ölkəmizin haqq işini müdafiə etdiyini və Ermənistanı işğalçı dövlət kimi tanıdıqlarını bildiriblər.