A

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkil etdiyi “Qarabağa kitabla gedək” kitabtoplama kampaniyasına Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) də qoşulub.

Kampaniya çərçivəsində UNEC-in Elm üzrə prorektoru, professor Sakit Yaqubov və Kitabxana-İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayeva Milli Kitabxanada olaraq, müxtəlif elm sahələri üzrə, əsasən də iqtisadiyyata dair azərbaycan, rus, ingilis və türk dillərində 408 adda 761 nüsxə kitabı Qarabağ Kitabxanasına hədiyyə ediblər.

Professor Sakit Yaqubov ölkədə iqtisadiyyatın müxtəlif sahələri üzrə ən aktual, innovativ mövzular üzrə elmi tədqiqatların məhz UNEC alimləri tərəfindən həyata keçirildiyini diqqətə çatdıraraq, həmin monoqrafiya, dərslik və dərs vəsaitlərinin, dəyərli nəşrlərin Qarabağda yaradılacaq kitabxanalarda özünəməxsus yer tutacağından və Qarabağ əhalisinə böyük fayda verəcəyindən əminliyini bildirib.

S.Yaqubov Mədəniyyət Nazirliyinin və Milli Kitabxananın bu təşəbbüsünü yüksək qiymətləndirərək, iqtisadçı alimləri, digər ali təhsil müəssisələrini, eləcə də bütün ziyalıları bu humanist aksiyaya qoşulmağa dəvət edib.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov UNEC-in kampaniyaya qoşulmasından məmnunluğunu bildirərək, bu kampaniyada iştirakını Qarabağ kitab fondunun iqtisadi ədəbiyyatla zənginləşməsində mühüm addım kimi qiymətləndirib.

TOP XƏBƏRLƏR