UNEC-də Maliyyə və maliyyə institutları kafedrasında “Sığorta işi” fənninin yeni tərtib olunmuş proqramının müzakirəsi keçirilib.
Tədbirdə UNEC-in professor-müəllim heyəti ilə yanaşı, Mərkəzi Bankın departament direktoru, “Atəşgah Həyat”, “Günaysığorta”, “Qala Həyat”, “Qala Ümumi”, “Avant” sığorta və “A” şirkətlər qrupunun nümayəndələri də iştirak ediblər.
Maliyyə və maliyyə institutları kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Əvəz Ələkbərov ölkədə dövlət tərəfindən sığorta sahəsində aparılan uğurlu islahatlardan söz açıb. Professor sığortanın sosial və iqtisadi əhəmiyyətinə diqqət çəkərək, bu sahədə savadlı və bacarıqlı mütəxəssislərin yetişməsinin önəmini vurğulayıb. UNEC-də bir sıra ixtisaslar, eləcə də “Sığorta işi” ixtisası üzrə tədris proqramnın yeniləndiyini deyən Ə.Ələkbərov, həmin fənlərin beynəlxaq təcrübəyə və standartlara uyğunlaşdırılması məqsədilə, müvafiq sahələr üzrə dövlət və özəl qurumların nümayəndələrinin iştirakı ilə müzakirələrin aparıldığını bildirib.
Sonra kafedranın müəllimi Aynur Əliyeva və “Avant” sığortanın nümayəndəsi Orxan Həsənov sığortanın iqtisadi və sosial mahiyyətindən danışıblar. Sığorta qanunvericiliyi və nəzarət, sığorta fəaliyyətinin baza prinsipləri, dövlət sığorta nəzarətinin rolu və funksiyaları, sığortaçının maliyyəsinin təşkilinin əsas prinsipləri, onların gəlir və xərclərinin təşkili, eləcə də sığorta şirkətlərinin maliyyə potensialının formalaşması mexanizmi və s. barədə ətraflı məlumat veriblər. Həmçinin “Sığorta işi” fənninin tədrisi ilə bağlı təkliflərlə çıxış ediblər.
Maraqla qarşılanan təqdimatdan sonra alimlər və mütəxəssislər tərəfindən müzakirələr aparılıb.