Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı nümayəndəliyinin koordinatoru Fatih Yılmazın başçılıq etdiyi nümayəndə heyəti UNEC-də olub.
Qonaqlar UNEC-in İqtisadi məsələlər üzrə prorektoru Nəsimi İsmayılov, Rəqəmsal iqtisadiyyat fakültəsinin dekanı Elman Cəfərov, Mühəndislik fakültəsinin dekanı Elçin Səmədov, "Mühəndislik və tətbiqi elmlər" kafedrasının müdiri professor Rövnəq Rzayev, UNEC Dizayn məktəbinin dekanı Lalə Məmmədova, Dizayn kafedrasının müdiri Elfanə Qasımova, Karyera mərkəzinin müdiri Aytac Rzayeva ilə görüşüblər.
Görüşdə UNEC ilə TİKA arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb və bu əməkdaşlığın universitet-sənaye iş birliyinin inkişafına töhfələr verəcəyi vurğulanıb. Tərəflər arasında UNEC-də Rəqəmsal Tədqiqat Mərkəzinin qurulması, türkiyəli mütəxəssislər tərəfindən mərkəzdəki yeni qurğuların istifadəsi ilə bağlı universitetdə təlimlərin təşkili məsələləri barədə də fikir mübadiləsi aparılıb.
TİKA-nın nümayəndə heyəti UNEC-in Fizika, Kimya, Nanotexnologiya, Materialşünaslıq, Biologiya, Yarımkeçirici texnologiyaları, Molekulyar, Qida mühəndisliyi və digər elmi-tədqiqat laboratoriyaları ilə tanış olublar, həmçinin tədris prosesini izləyiblər.