Dünyanın ən böyük nəşriyyatlarından olan “Springer”də “Green Finance Instruments, FinTech and Investment Strategies: Sustainable Portfolio Management in the Post-COVID Era” adlı monoqrafiya dərc edilib. UNEC-in İslam Maliyyəsi Mərkəzinin tədqiqatçısı, “Maliyyə və audit” kafedrasının doktorantı, i.ü.f.d. Fəxri Mürşüdlünün də monoqrafiyası yer alıb.
Fəxri Mürşüdlü N.Nayfar və A.Elsayedin redaktəsi altında nəşr olunmuş “Yaşıl maliyyə alətləri, FinTeh və investisiya strategiyaları: Post-COVID dövründə davamlı portfolio idarəetməsi” (Cham, İsveçrə: Springer International Publishing, 2023, XII, 300 s.) kollektiv monoqrafiyasında müəllif kimi iştirak edib. Belaruslu iqtisadçı-alim, iqtisad elmləri namizədi Lyudmila Filippova ilə birgə yazılan “Qlobal yaşıl maliyyə bazarının inkişafı: bankların və bank olmayan institusional investorların rolu” adlı məqalədə (səh.27-46) müəlliflər davamlı inkişaf sahəsində əsas qlobal təşəbbüsləri araşdırıblar. Eyni zamanda dünya təcrübəsinin öyrənilməsi əsasında ekoloji komponentlə səciyyələnən səmərəli maliyyə alətləri və mexanizmlərini («yaşıl» istiqrazlar və kreditlər) təhlil ediblər. Məqalədə dünya yaşıl maliyyə bazarının müasir inkişaf meylləri öyrənilib, özəl maliyyə institutlarının davamlı inkişafı, o cümlədən iri investisiya bankları və şirkətləri, Avropa maliyyə mərkəzləri və qeyri-formal yaşıl assosiasiyaların korporativ və maliyyə sektorlarında rolu müəyyən edilib. Məqalənin yekununda yaşıl iqtisadiyyatın maliyyə modeli və iqtisad elminin bu sahəsində gələcək tədqiqatların istiqamətləri ilə bağlı tövsiyələr verilib.
Monoqrafiya və F.Mürşüdlünün məqaləsi ilə aşağıdakı linklərdən tanış olmaq olar:
https://link.springer.com/book/10.1007/978-3-031-29031-2
https://link.springer.com/chapter/10.1007/978-3-031-29031-2_2