A

UNEC-in Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri, Xanım Tədqiqatçılar Şurasının rəhbəri Nərgiz Hacıyevanın elmi məqaləsi Almaniyanın DAAD təqaüdünə layiq görülüb.

“Qadınların əmək bazarına inteqrasiyasında sahibkarlıq təhsilinin rolu: Azərbaycan nümunəsində” (The role of entrepreneurship education in the integration of women to the labor market: the case of Azerbaijan ) adlı məqaləsinə görə DAAD təqaüdünü qazanan gənc tədqiqatçı Gürcüstanın paytaxtı Tbilisidə keçirilmiş beynəlxalq vörkşopda elmi tədqiqat işi barədə çıxış edib.

Goethe Frankfurt Universiteti və DAAD - German Academic Exchange Service tərəfindən təşkil olunan vörkşopda gənc tədqiqatçı elmi məruzə zamanı sahibkarlıq təhsilinin (entrepreneurship education) qadınların əmək bazarına inteqrasiyasında rolu, Azərbaycanın KOB Strateji yol Xəritəsi, UNEC ilə Siegen Universiteti arasında reallaşdırılan EE-KEY-AZ “Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması məşğulluğun əsas amili kimi” layihəsinin nəticəsi və digər yeniliklərdən danışıb.

“İqtisadi və Sosial Dəyişikliklərin mühərriki kimi Sahibkarlıq: Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyadan baxışlar” mövzusuna həsr olunan vörkşopda Nərgiz Hacıyevanın təqdimatı böyük maraqla qarşılanıb və mövzu ilə bağlı müzakirələr aparılıb.

Qeyd edək ki, Nərgiz Hacıyevanın elmi məqaləsinin DAAD - German Academic Exchange Service-in maliyyə dəstəyilə Almaniyanın nüfuzlu indeksli jurnalında nəşr olunması nəzərdə tutulub.

TOP XƏBƏRLƏR