UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsində insan hüquq və azadlıqlarının müdafiəsinə həsr olunan maarifləndirici tədbir keçirilib.
Tədbirdə çıxış edən “İqtisadiyyat” kafedrasının müəllimi Aytən İbadova insan hüquqlarının əsas dəyərlərindən olan insan ləyaqəti və bərabərlik, azadlıq, ayrı-seçkiliyə yol verilməməsi, dözümlülük, məsuliyyət kimi məfhumlardan danışıb. “İnsan hüquqları bölünməz, qarşılıqlı asılı və əlaqəlidir. Bu, o deməkdir ki, müxtəlif insan hüquqları daxilən bir-biri ilə əlaqəlidir və bir-birindən ayrı nəzərdən keçirilə bilməz. Bir hüququn təmin olunması bir çox digər hüquqlardan asılıdır və heç bir insan hüququ digərlərindən daha əhəmiyyətli deyil”.-deyə A.İbadova çıxışını davam etdirib.
Sonra A.İbadova Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşmüş şəxslərin hüquqlarının kütləvi şəkildə pozulması, işğal nəticəsində Azərbaycanın təbii, tarixi və mədəni sərvətlərinin dağıdılması faktının dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan hökümətinin gördüyü işlər barədə ətraflı məlumat verib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.